30 oktyabr 2025-ci il tarixində TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Medinex tibbi sərgisi çərçivəsində “Sağlam qana ehtiyacı olan uşaqların həyatını xilas edək” şüarı altında qanvermə aksiyası keçirilib.
QHT.az xəbər verir ki, tədbir barədə məlumat verən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov bildirib ki, aksiyanın əsas məqsədi donorluq mədəniyyətinin təşviqi və qan ehtiyacı olan uşaqlara dəstək göstərməkdir:
“Bu il Medinex sərgisi çərçivəsində ilk dəfə birgə qanvermə aksiyası təşkil olundu. Donorluq mədəniyyətinin cəmiyyətdə aşılanması çox vacib məsələdir. Bununla yanaşı, aksiyanın gedişində mühüm mövzulara toxunulacaq, seminarlar keçiriləcək.”
Ayaz Hüseynov donorlar və tibb işçilərinə göstərdikləri fəallığa görə təşəkkür edərək, aksiyanın keçirilməsində əməyi olan bütün təşkilatçılara minnətdarlığını bildirib:
“Donorlarımıza və həkimlərimizə Pasiyent Təşkilatları İttifaqı adından dərin təşəkkürümüzü bildiririk. Sərginin təşkilatçılarına da bu nəcib təşəbbüs üçün minnətdarıq.”
Pərvanə Fərhadqızı