Tural İsmayılov: “Ermənistandakı revanşistlər tez-tez öz media kampaniyalarında Azərbaycanın daxili işlərinə qarışıb, məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar”
Məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Təqsirləndirilən şəxs Davit İşxanyanın müraciəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub. “Youtube” sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş etdirilib.
Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.
Maraqlıdır, İşxanyan 2020-ci ilin Tovuz hadisələrindən sonra Youtubda yerləşdirilmiş videoların yenidən araşdırılması barədə vəsatəti niyə qaldırıb? Ümumiyyətlə, bu onun nəyinə lazımdır?
“Hansısa videolara yenidən baxılması ilə bağlı vəsatət vermək, tələb qaldırmaq kimi məqamlar məhkəmənin sonrakı gedişlərində aydın olacaq”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Azərbaycanda beynəlxalq hüququn normalarına uyğun olaraq xalqımıza qarşı müxtəlif cinayətlər törədən şəxslərin məhkəmə prosesi şəffaf, ədalətli keçirilir. Məhkəmə prosesinin necə obyektiv formada keçirildiyini hər kəs görür, müşahidə edir. Təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri dəictimailləşir. Ancaq bu hadisələr fonunda Ermənistanda bəlli dairələr saxta məlumatlar yaymağa çalışır. Məlumdur ki, Davit İşxanyan həmin dövrdə qondarma qurumda Azərbaycan xalqına qarşı müxtəlif cinayətlər törədib və bununla bağlı məhkəmə iclasında tədqiqatlar davam edir. Ümumiyyətlə, hansısa videolara yenidən baxılması ilə bağlı vəsatət vermək, tələb qaldırmaq kimi məqamlar məhkəmənin sonrakı gedişlərində aydın olacaq. İstənilən halda, bu gün müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı həqiqi olmayan, dezinformasiyalar həyata keçiriləndə həmin Davit İşxanyan, Ruben Vardanyan və digərlərinin adından istifadə edirlər. Ermənistandakı revanşistlər tez-tez öz media kampaniyalarında Azərbaycanın daxili işlərinə qarışıb, məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan bu məhkəmə ilə onun dövlətinə, xalqına qarşı çıxan, cinayət törədən hər bir şəxsin qanun qarşısında cavab verməli olacağını bir daha nümayiş etdirir.
Günel CƏLİLOVA