AZ

Trampın Mərkəzi Asiya liderləri ilə zirvəsində İlham Əliyev də iştirak edə bilər...


Afsəddin Nəbiyev: “Bu təklif ölkəmizin beynəlxalq aləmdə nüfuzunun təsdiqidir”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd bir həftə sonra - noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir.

Diqqəti çəkən məqam odur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.

Göründüyü kimi, Tokayev istəyir Azərbaycan da həmin tədbirdə iştirak etsin.

“Vaşinqtonda C5+1 formatında nəzərdə tutulan sammitin uğur formulu Azərbaycan dövləti ola bilər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu, Azərbaycanın önəmindən irəli gəlir: “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammit ərəfəsində diqqətçəkən bir təkliflə çıxış edərək Azərbaycanın da belə bir mühüm forumda iştirakının arzuolunan olduğunu bildirib. Bu təklif Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun təsdiqidir. Tokayevin sözlərinə görə, enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və Prezident İlham Əliyevin strateji vizyonu sayəsində Azərbaycan bu gün regional nəqliyyat, logistika və enerji mərkəzinə çevrilib, Cənubi Qafqazda və onun hüdudlarından kənarda mühüm rol oynayır. Bu fikirlər təsadüfi deyil. Qazaxıstan liderinin bu çağırışı bir daha göstərir ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, həm də Orta Asiyanın təbii bir hissəsi və mühüm strateji tərəfdaşı kimi qəbul olunur. Tokayevin bu mövqeyi, əslində, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi uzaqgörən xarici siyasətin və regionda sülh, təhlükəsizlik arxitekturasının qurulmasında oynadığı rolun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Amerikalı strateq Zbiqnev Bjezinskinin vaxtilə dediyi kimi, “Avrasiyaya kimlər nəzarət edəcəksə, dünya siyasətinə həmin dövlətlər yön verəcəklər”. Bu baxımdan, Azərbaycanın Avrasiya məkanındakı mövqeyi və artan rolu artıq region dövlətləri tərəfindən də etiraf olunur. Beləliklə, Tokayevin təşəbbüsü təkcə dost və tərəfdaş münasibətlərin ifadəsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin və regional proseslərdə aparıcı rolunun növbəti təsdiqidir. Bütün bunların fonunda onu da xüsusilə qeyd etmək istərdim ki,Vaşinqtonda C5+1 formatında nəzərdə tutulan sammitin uğur formulu Azərbaycan dövləti ola bilər. Azərbaycanın Orta Dəhlizin körpü və açar rolunu Vaşinqtonda da bilməmiş deyillər. Bu baxımdan düşünürəm ki, Azərbaycan olmadan bu format praktiki cəhətdən real təsir gücünə malik ola bilməz. Ona görə də Mərkəzi Asiya ölkələri Azərbaycanın bu formatda yer almasına ciddi şəkildə üstünlük verməlidirlər”.

Vidadi ORDAHALLI

Seçilən
18
baki-xeber.com

1Mənbələr