AZ

Müsəlmanın “Halloween” adlı qorxu bayramını keçirməsi İslama tamamilə zidd olan bir davranışdır Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün “Halloween” günüdür. Bildiyimiz kimi bu bayramın kökləri qədim kelt mifologiyasına, daha sonra isə xristian dünyasında “All Hallows Eve” – yəni “Müqəddəslər gecəsi” anlayışına dayanır. Bu gün dünyanın bir çox yerlərində insanlar müxtəlif qorxulu geyimlər geyinir, simvollarla bəzənir, ruh və ölülərlə bağlı əfsanəvi mənalar daşıyan rituallar icra edirlər. Bu da uşaqların psixologiyasına mənfi təsir göstərən rituallardır.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Halloween” adlanan bu bayramın İslamla heç bir bağlılığı yoxdur, əksinə tamamilə islama zidd olan bir anlayışdır.

“İslam dini bütün növ batil inanclardan, xurafatdan və müşrik ənənələrdən uzaq durmağı əmr edir. Belə ayinləri şeytan əməli kimi dəyərləndirən çox saylı islam alimləri vardır.

Qurani-Kərimdə buyurulur: “Bu, Mənim düz yolumdur. Ona tabe olun. (Başqa) yollara uymayın ki, onlar sizi Allahın yolundan ayırmasın.” (Ənam surəsi, 153)

Peyğəmbərimiz (s) buyurub: “Kim bir qövmə bənzəyərsə, o da onlardandır.” (Əbu Davud, Libas, 4) Bu hədis açıq şəkildə göstərir ki, müsəlman başqa din və mədəniyyətlərin dini və ya batil ayinlərinə bənzər hərəkətlərdən uzaq durmalıdır.

Halloween-in zahirən “əyləncə” kimi görünməsi, onun mahiyyətini dəyişmir. Burada şeytani simvollar, ölü ruhlarla bağlı təsəvvürlər, qorxu və qeyri-İslami motivlər mövcuddur. Belə bir günün qeyd olunması müsəlman üçün caiz deyil, dinimizə ziddir”-deyən ilahiyytaçı vurğulayıb ki, İslamda bayram anlayışı Quranda və Sünnədə müəyyənləşmişdir.

“Ramazan bayramı və Qurban bayramı. Bunlardan başqa bayram keçirmək dini baxımdan əsassız sayılır. İmam Malik, İmam Əhməd və digər fiqh alimləri də bu barədə “müsəlmanların dini kimliyini zədələyən, kafirlərin bayramlarını təqlid edən tədbirlər haramdır.” ittifaq ediblər”-deyə ilahiyyatçı Əkrəm Həsənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
bizimyol.info

1Mənbələr