Paytaxtın Zivər bəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən minib-düşürmə yerində sürücülər cərimələnir. Səbəb isə bildiriş lövhəsinin avtobus zolağında yerləşdirilməsi və yaxınlıqda qısamüddətli dayanma üçün şəraitin olmamasıdır. Sakinlər və obyekt sahibləri bildirirlər ki, dayanacaq tapmaq mümkün deyil, 3-5 dəqiqəlik dayanma belə kameralar tərəfindən qeydə alınıb cəriməyə səbəb olur.
Avtobus zolağında yerləşən minib-düşürmə yerləri sürücüləri cərimə riski ilə üz-üzə qoyur. Belə hallarda məsuliyyət kimdədir sürücüdə, yoxsa dayanacaq infrastrukturunu düzgün planlaşdırmayan qurumlarda?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, avtobus zolaqlarında yaradılan məntəqələr, yalnız minib-düşmə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu ərazilər dayanma-durma və ya parklanma yeri deyil:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məntəqələr yaradılarkən rəsmi açıqlama verərək bildirmişdi ki, sürücülər həmin ərazidən yalnız üç dəqiqə ərzində istifadə edə bilərlər. Yəni bu, qısa müddətli sərnişin mindirib-düşürmə məntəqəsidir və üç dəqiqə sərnişini mindirib-düşürmək üçün kifayət edir. Hazırda bir çox yeni məntəqələrin yaradılması nəzərdə tutulur və demək olar ki, hər həftə yeni məntəqələr açılır. Ətrafda parklanma yeri məsələsi var, amma sürücülər bunu parklanma yeri ilə səhv salmamalıdırlar. Bu məntəqələr sadəcə avtobus zolağında sərnişin mindirib-düşürmək üçün nəzərdə tutulub. Əvvəllər avtobus zolağına girildikdə 100 manat, zolağın yanında saxlandıqda isə 80 manat cərimə tətbiq olunurdu. İndi isə bu məntəqələrdə qısa müddətə sərnişin mindirilməsi və ya düşürülməsi üçün şərait yaradılıb. Lakin yaxınlıqda parklanma yeri yoxdursa, həmin məntəqədə maşın saxlamaq düzgün deyil, çünki bu məntəqələr müvəqqəti, qısa müddətli istifadəyə yönəlib".

Ekspertin fikrincə, sürücülər haqlıdırlar, çünki yaxınlıqda parklanma yerləri olmalıdır.
"Hələlik əgər parklanma yeri yoxdursa, minib-düşürmə məntəqəsində maşın park etmək olmaz. Belə ki, söhbət mərkəzi ərazilərdən gedir. Azərbaycanda, xüsusilə də Bakı şəhərindəki nəqliyyat siyasəti, vətəndaşları avtomobilləri ilə şəhərin mərkəzinə daxil olmamağa təşviq edir. Bu siyasətə uyğun olaraq, maşınlar ətraf ərazilərdə, daha aşağı qiymətə və ya pulsuz parklanma yerlərində saxlanılmalı, şəhər mərkəzinə isə ictimai nəqliyyatla gəlinməlidir. Bugünkü nəqliyyat siyasəti buna yönəlib. Doğru və ya yanlış olmasından asılı olmayaraq, biz bu siyasətə uyğun hərəkət etməliyik. Əks halda, cərimələrdən və ya əlavə xərclərdən qaça bilmərik", - deyə Elməddin Muradlı vurğuladı.
Xədicə BAXIŞLI
 
                        