Ermənistan Konstitusiyası referendum yolu ilə dəyişdirilməlidir. Referendumun gerçəkləşməsi Ermənistandakı duruma görə parlament seçkilərindən sonraya nəzərdə tutulur. Demək sülh sazişinin imzalanmasını gözləməliyik, ən azından bir il sonraya qalır. Ermənistanın həm Konstitusiyanın preambula hissəsində, həm də müvafiq maddəsində ölkəmizə qarşı ərazi iddiası dəyişməyəcəksə, sülh olmayacaq.
Bu fikirləri Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Univetsitetinin professoru Qafar Çaxmaqlı deyib.

Q.Çaxmaqlı qeyd edib ki, Ermənistan hələ də Azərbaycanın sülh təşəbbüslərinə, xüsusilə də konstitusiyaya düzəlişlərlə bağlı tələbinə adekvat cavab verə bilmir: “Çünki parlament seçkiləri Paşinyan hakimiyyəti üçün olum- qalım məsələsidir. O səbəbdən komandanın ayrı - ayrı üzvləri, məsələn, XİN rəhbəri "Konstitusiyamızda problem yoxdur" deməklə öz ağlı ilə manevr edir, Azərbaycanın tələblərinə qarşı çıxır. Amma Vaşinqton Bəyannaməsində açıq bildirilib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə mane olacaq istənilən addımdan geri durmalıdırlar. İndiki Ermənistan Konstitusiyası bu yanaşmaya ziddir. Sülh sazişində “ərazi bütövlüyünə qarşılıqlı hörmət” bəndi olacaqsa, bu, hər iki tərəfin daxili qanunvericiliyində də əksini tapmalıdır. Paşinyan çıxışlarında bu tezisi əslində dəstəkləyir, çəkindiyi parlament seçkləri ərəfəsində revanşiştlərin bu yanaşmasını onun özünün əleyhinə istifadə edəcəyindən çəkinir. Ona görə də bu məsələnin üstünə getmək istəmir”.
Ekspert bildirdi ki, İndiki durumda Paşinyanı maraqlandıran seçkilərdə qələbəsini təmin etməkdir: “Həm də seçkiöncəsi istifadə etdiyi əsas kart sülh razılaşmasına nail olması ilə bağlı arqumentlərdir. Əgər hakimiyyətini qorusa, referendumda istənilən qərarın qəbul edilməsinə ümidlidir. Çünki Ermənistanın gələcək taleyi bu məsələdən, yəni Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Ermənistandakı antipaşinyan qüvvələr Vaşinqton razılaşmasını sülh hesab etmirlər və onun imzalanmasına qarşı təbliğat aparırlar. Paşinyanın sülh fəaliyyəti yerinə "müharibə" alternativi həmin qüvvələrə nə dərəcədə yardım edə bilər, b, seçki prosesində bilinəcək. Amma mən o fikirdəyəm ki, müharibədə ağır zərbə almış xalq sülhə gedən yolu seçəcək və hətta bu gün Azərabaycanın tələbi referenduma çıxarılsa, onu dəstəkləyəcəklər. Paşinyan və onun siyasi yandaşları bunları bilirlər”.
Q.Çaxmaqlı hesab edir ki, Azərabaycan da bu prosesdə tələsməməlidir: “İndiki halda imzalı sülh sənədi Ermənistana daha çox lazımdır”.
E.Paşasoy,
Musavat.com
 
                        