ain.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 31 oktyabr, AZƏRTAC
Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli dəstəyi beynəlxalq arenada qardaşlığın bariz təzahürüdür. Biz həmişə Azərbaycanın yanında dayanmışıq, işğal olunmuş Qarabağın azad edilməsi məsələsində də Bakının mövqeyini dəstəkləmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ölkə parlamentində büdcə müzakirələri zamanı çıxış edərkən bildirib.
N.Kurtulmuş İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları, Efiopiya ilə Somali və Pakistanla Əfqanıstan arasında gərginliyin aradan qaldırılması üçün aparılan dialoq kimi nümunələr gətirərək, Ankaranın qlobal münaqişələrin həllinə verdiyi töhfəyə diqqət çəkib.
Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyənin parlamentlərarası dialoqun inkişafına verdiyi töhfəni də vurğulayıb.
“Qlobal danışıqlar kanallarının daraldığı bir dövrdə parlamentlərarası diplomatiya xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin təşəbbüsləri müxtəlif dünya ölkələrinin parlamentləri arasında birləşdirici halqaya çevrilir”, - deyən N.Kurtulmuş dialoqun önə çəkilməsini “Ankaranın sülhsevər kursunun göstəricisi” adlandırıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Suriyadakı vəziyyətlə bağlı deyib ki, qonşu ölkədəki ziddiyyətlərə tamamilə son qoyulması Ankaranın təhlükəsizliyi və regionda sülh üçün strateji əhəmiyyət kəsb edir. “Suriyadakı sülh regional sülhün, iqtisadi sabitliyin və sosial inkişafın əsas şərtidir”, - deyə o bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        