Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində çıxış edən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni layihənin ictimai və beynəlxalq əhəmiyyətini vurğulayıb.
QHT.az xəbər verir ki, İctimai Birlik sədri bildirib ki, bu cür təşəbbüslər Azərbaycan ictimaiyyətinin və QHT-lərin milli irsin qorunması sahəsində birgə fəaliyyətini gücləndirir:
“Biz indi ictimaiyyət olaraq, ictimai təşkilatlar və icmalar olaraq bu məsələləri gündəmə gətirməliyik. ‘Qərbi Azərbaycanın irsi’ layihəsi kimi təşəbbüslərə böyük ehtiyac var. Xüsusilə də bu işlərə peşəkar mütəxəssislər qoşularsa, nəticə daha səmərəli olar. Azərbaycan ictimaiyyəti beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətlərini təqdim etməyə hazır olmalıdır. Biz artıq dünya ictimaiyyətinin tribunalarına elə səviyyədə çıxmalıyıq ki, orada utanmadan, sıxılmadan öz mövqeyimizi, irsimizi və həqiqətlərimizi təqdim edə bilək. Bu, çox ciddi məsələdir.”
Sonda QHT sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihəyə göstərdiyi dəstəyə görə təşəkkür edib və bildirib ki, Qərbi Azərbaycan icması və QHT-lər güclərini birləşdirərək bu istiqamətdə işi yüksək səviyyədə davam etdirməlidirlər.
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.