Paris, 31 oktyabr, AZƏRTAC
Fransanın Baş naziri Sebastyən Lökornü 1968-ci ildə imzalanmış Fransa-Əlcəzair sazişinin yenidən müzakirə edilməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə Manş departamentinə səfəri zamanı, Milli Assambleyada Rassemblement National (Milli Birlik Partiyası) tərəfindən təqdim olunan qətnamənin qəbulundan sonra səsləndirib.
“Bu saziş artıq dövrün reallıqlarını əks etdirmir. Biz indi tamamilə başqa bir mərhələdəyik,” – deyə Lökornü “Carentan-les-Marais” şəhərində jurnalistlərə açıqlamasında bildirib. O, həmçinin xatırladıb ki, xarici siyasət parlamentin qətnamələri ilə müəyyən edilmir. “Fransa Respublikasının Prezidenti beynəlxalq müqavilələrin təminatçısıdır, onları o, danışıqlar yolu ilə əldə edir və imzalayır. Xarici siyasət parlament qətnamələri ilə aparılmır. Lakin bu, səhər qəbul edilmiş səsverməyə hörmət etməmək anlamına gəlmir”.
1968-ci il Fransa-Əlcəzair sazişi Əlcəzair vətəndaşlarının Fransa ərazisində immiqrasiya, iş və yaşayış hüquqlarını tənzimləyir. Lakin bu sənəd son illərdə müasir miqrasiya siyasətinə uyğun gəlmədiyi üçün tənqid olunur.
Milli Assambleyada keçirilən səsvermə zamanı ifrat sağçı Milli Birlik (Rassemblement National-RN) fraksiyasının təqdim etdiyi qətnamə bir səs fərqi ilə qəbul edilib. Qətnamə hüquqi qüvvəyə malik olmasa da, siyasi müzakirələri yenidən alovlandırıb.
Respublikaçılar Partiyasının lideri Brüno Rötayo Prezident Emmanuel Makronu Əlcəzairlə münasibətlərdə qətiyyət göstərməyə çağırıb. “Prezident hazırki siyasi böhrandan çıxmaq üçün parlament demokratiyasına güvəndiyini deyirsə, bu səsverməni də nəzərdən qaçıra bilməz,” – deyə Rötayo bəyanatında qeyd edib.
Fransa və Əlcəzair arasında 1968-ci ildə imzalanmış bu saziş post-müstəmləkə dövründə əmək və ailə miqrasiyasını tənzimləmək məqsədilə hazırlanmışdı. Lakin son illərdə bu sənəd siyasi və ictimai mübahisələrin mərkəzinə çevrilib.
Sebastyən Lökornünün yenidən danışıqlar aparmaq çağırışı Fransa-Əlcəzair münasibətlərində yeni diplomatik mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir.