Xəyalə Rəis: “Şou-biznes parıltısının arxasında çox vacib bir təbəqə - muğam ifaçıları, aşıqlar, xalq musiqisinin daşıyıcıları kölgədə qalır”
Son zamanlar Azərbaycan müğənnilərinin dəbdəbəli həyatı cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Diqqət çəkən məqamlardan biri isə heç bir sənəti, klipi olmayan müğənnilərin qısa zamanda varlanmasıdır.
Bu kateqoriyadan olan müğənnilər 300-500 minlik maşını, 1 milyonluq evi olduğunu, istirahətə getdikləri zaman yüzminlər xərclədiyini rahat şəkidə deyirlər. Şou müğənniləri sənəti ilə deyil, daha çox qazancı, mülkləri ilə gündəmdə qalır.
Ancaq tanınmış müğam ustalarının əksəriyyəti bu cür imkanlara malik deyil. Muğam ifaçılarının dəbdəbəli həyatını, demək olar ki, heç kim müşahidə etməyib. Maraqlıdır, şou biznes təmsilçilərinin dəbdəbi həyat yaşamaq üçün malik olduqları sərvətin sirri nədir?
“Bu gün şou-biznes ulduzları reklam və sponsor dəstəyi ilə hər gün ön plandadır, muğam ifaçıları isə çox zaman maddi və mənəvi çətinliklər içində sənətlərini yaşadırlar”
Sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Azərbaycan şou-biznesi parlaq işıqlar, bahalı avtomobillər və sosial şəbəkələrdə nümayiş etdirilən dəbdəbəli həyat tərzi ilə gündəmdədir. Tamaşaçıların diqqəti çox zaman sənətə deyil, sənətçinin geyiminə, getdiyi məkanlara və sosial mediada paylaşdığı “lüks” görüntülərə yönəlir: “Televiziya kanalları, verilişlər və media səhifələri bu parıltını davamlı şəkildə təbliğ edir. Amma bu parıltının arxasında çox vacib bir təbəqə — muğam ifaçıları, aşıqlar, xalq musiqisinin daşıyıcıları kölgədə qalır.
Muğam ifaçıları mediada, demək olar ki, görünmürlər. Onların həyat tərzi, sənətə yanaşması, yaradıcılıq prosesi cəmiyyətə tanıdılmır. Çünki muğam şou deyil, sükut və səviyyə tələb edir. Bu isə reytinq dalınca qaçan telekanalların, səthi mədəniyyət təqdimatının və sponsor maraqlarının “formatına” sığmır. Müasir televiziya üçün əsas məqsəd sənəti yaşatmaq deyil, diqqəti cəlb etmək, klik və baxış sayını artırmaqdır. Nəticədə, dəyərli sənət deyil, “səs salan” sənətçi ön plana çıxır.
Şou-biznes nümayəndələri üçün əsas məqsəd diqqət mərkəzində qalmaqdır. Onların “uğur” modeli çox zaman musiqi keyfiyyətinə yox, görünüşə, qalmaqallara və “trendlərə” hesablanır. Belə bir mühitdə dərin məzmunlu sənətin, mənəvi yüklü musiqinin səsi təbii ki, boğulur. Əsl ifaçının səhnədə deyil, ruhda yaratdığı sənət kütləvi tamaşaçıya “sakit” görünür, çünki artıq qulaqlar səssizliyi dinləməyi unudub”.
Sənətşunasın dediyinə görə, bu gün şou-biznes ulduzları reklam və sponsor dəstəyi ilə hər gün ön plandadır, muğam ifaçıları isə çox zaman maddi və mənəvi çətinliklər içində sənətlərini yaşadırlar: “Biri efirdə gündə beş dəfə görünür, digəri isə illərlə gözləyir ki, hansısa festivalda səhnə imkanı qazansın. Bu, təkcə fərdi problem deyil — mədəniyyət siyasətində tarazlığın pozulmasıdır. Cəmiyyətin musiqi zövqü, əslində, mediada təqdim olunan obrazlarla formalaşır. Əgər gənc tamaşaçı hər gün yalnız “reytinqli” pop ifaçıların bahalı həyatını görürsə, muğamın, xalq musiqisinin dərinliyinə maraq təbii olaraq azalır. Çünki insan nəyi tez-tez görürsə, onu “normal” hesab edir. Bu da mədəni zövqün səthiləşməsinə, mənəvi dəyərlərin arxa plana keçməsinə gətirib çıxarır. Halbuki, xalq musiqisi millətin yaddaşı, muğam isə onun ruhudur. Ruhunu itirən millət isə, parıltı içində belə, sönük görünür. Bu gün medianın, cəmiyyətin və sənət siyasətinin qarşısında ciddi sual dayanır: biz sənətə dəyər veririk, yoxsa şouya alqış tuturuq? Şou-biznes nümayəndələrinin dəbdəbəsi bir anlığa göz oxşayır, amma muğam ifaçılarının səsi yüzilliklər boyu millətin ruhuna sirayət edir. Təəssüf ki, biz çox zaman o səsi eşitmək istəmirik, çünki sükut bizə darıxdırıcı gəlir”.
Günel CƏLİLOVA