Əhməd əş-Şaraa dövlət məmurlarını korrupsiyadan və şəxsi mənfəətdən çəkinməyə çağırıb...
Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa öz tərəfdarlarına “hərbi qənimət” kimi dövlət imkanlarından faydalanmağı qadağan edib. O, məmurları və hakim elitanı dövlət vəsaitləri hesabına varlanmaqdan çəkindirib.
Prezident İdlib vilayətində, avqustun 30-da keçirilən və əvvəllər ictimaiyyətə açıqlanmayan görüşdə, toplantıya dəbdəbəli avtomobillərlə gələn yüzlərlə tərəfdarını tənqid edib.
“Mən bilmirdim ki, dövlət belə yüksək maaşlar verir!”, deyə o, zarafatla bildirib. Ardınca “Siz inqilabın oğullarısınız, necə bu qədər tez nəfsinizə uydunuz?”, sözləri ilə çıxış edib.
Əş-Şaraa görüşdə Cadillac Escalade, Range Rover və Chevrolet Tahoe kimi bahalı avtomobillərin bolluğuna diqqət çəkib və belə avtomobillərin sahibi olan məmurlara açarlarını təhvil verməyi əmr edib. Əks halda, onlara qarşı “qanunsuz varlanma” ittihamı ilə araşdırma başlanacağı bildirilib.
Suriya rəsmiləri və analitiklərin fikrincə, 43 yaşlı prezidentin bu sərt mesajı onun qarşısında duran ən böyük çətinliklərdən birinə, silahlı mübarizə hərəkatından vətəndaş hökumətinə keçid zamanı korrupsiyanın qarşısını almaq məsələsinə işarə edir. Əş-Şaraa hakimiyyəti dövründə əvvəlki prezident Bəşər Əsədin illərlə davam etmiş korrupsiya və sui-istifadə mühitini aradan qaldırmaq niyyətində olduğunu göstərib.
Poliqon.info