AZ

Ərazilərimizdə kilsə tikdikləri bəs deyilmiş, üstəlik Azərbaycana böhtan atırlar...


Qasım Hacıyev: “O kilsə bizim torpaqlarımızda qanunsuz şəkildə tikilib”

Torpaqlarımız işğal altında olduğu dövrlərdə ermənilər tarixi-mədəni, dini abidələrimizə qarşı ağlasığmaz vandalizm aktları törətməklə, qədim alban irsini mənimsəməklə, kilsə və monastırlarımızı öz adlarına çıxmaqla yanaşı, həm də ərazilərimizdə qanunsuz tikinti işləri aparıblar. Qarabağın müxtəlif yerlərində kilsələr tikiblər.

Xaricdəki maliyyəçilərinin, havadarlarının maddi dəstəyi ilə kilsələr tikməklə özlərini oranın “yerli sakinləri” kimi qələmə verməyə çalışıblar. 2004-cü ildə Ağdərədə Alisa Ohanyan tərəfindən inşa edilən Surb Nerses Mets kilsəsi də bu qəbildəndir. Bu kilsənin 2004-cü ildə tikilməsi təsadüfi deyildi, onlar işğal etdikləri Azərbaycan torpaqlarında həmişəlik qalmaq istəyirdilər.

Erməni mediası iddia edir ki, Ağdərədə tikdikləri Surb Nerses Mets kilsəsi 2020-ci ildə Azərbaycan ordusu tərəfindən guya qəsdən hədəfə alınırmış. Guya əllərində bu kilsəsinin “zərər gördüyünə” dair şəkillər var. “Şəhər mərkəzindəki Surb Nerses Mets kilsəsi son iki ildə ziyan görüb: sınmış pəncərələr və görünən atəş izləri”-deyə yazırlar.

“Azərbaycanın bu şəkildə ittiham edilməsi yolverilməzdir və əsassızdır”

Məsələ burasındadır ki, Azərbaycan müharibə dövründə heç zaman kilsələri, mülki obyektləri hədəfə almayıb, sivillərlə işi olmayıb, yırtıcı erməni silahlılarına qarşı mübarizə aparıb.

Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ağdərə ərazində ən qədim və məşhur Müqəddəs Yelisey Kilsəsi var, o da III Mömin Vaçaqanın adı ilə bağlıdır, alban-xristian irsidir. Ermənilər Ağdərədə və Qarabağın digər yerlərində olan kilsə və monastrlara, məbədlərə qarşı saxtalaşdırma işləri aparıblar. “Yəni orda ermənilərin heç bir qədim dini irsi olmayıb. Alban-xristianlıq dövrünə aid abidələri saxtalaşdırıb mənimsəmək istəyiblər. Surb Nerses Mets kilsəsinə gəlincə, bu kilsənin qədimliklə heç bir əlaqəsi yoxdur, onlar bunu torpaqlarımız işğalda olan dövrdə qanunsuz olaraq tikib. Şahbulaq qalasının, digər tarixi tikililərimizin daşlarını söküb bir tərəfdən qanunsuz kilsələr inşa ediblər, digər tərəfdən də Ermənistana daşıyıblar.

Azərbaycan ərazisində mövcud olan heç bir kilsəyə, monastıra qarşı dövlətimiz hansısa bir neqativ münasibət göstərməyib. Bu, ermənilərin növbəti hay-küyüdür. Belə qələmə vermək istəyirlər ki, Qarabağda guya erməni kilsələrinə qarşı hansısa tədbirlər görülür. Digər tərəfdən, o kilsə bizim torpaqlarımızda qanunsuz şəkildə tikilib, qanunsuz tikinti isə orda qalmamalıdır. Ermənilər hansı haqla 2004-cü ildə, ondan əvvəl və ondan sonra Azərbaycan ərazisində özlərinə hansısa kilsələrtikiblər? İşğal etdikləri torpaqlarda kilsə tikiblər ki, guya buranın yerli sakinləridirlər”-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyevin sözlərinə görə, qanunla qanunsuz tikililər hər yerdə sökülür, sözügedən kilsəyə qarşı da bu addım atılmalıdır. “İndi də haray çəkirlər ki, guya Azərbaycan ordusu o kilsəni hədəfə alıbmış. Belə bir şey ola bilməz. Azərbaycanın bu şəkildə ittiham edilməsi yolverilməzdir və əsassızdır. Bu, ermənilərin növbəti uydurmasıdır və bununla nəyəsə nail olmaq istəyirlər. Amma əlləri boşa çıxacaq”-deyə Q.Hacıyev qeyd etdi.

O bildirdi ki, Azərbaycan dövlətinə qarşı qaralama kampaniyası aparan ermənilərin bu məsələni indi ortaya atması təsadüfi deyil. Q.Hacıyev qeyd etdi ki, bu əsassız iddanı“Evronest”in İrəvanda keçirilməsindən istifadə edərək ortaya atırlar ki, “səslərini” dünyaya çatdırsınlar.

İradə SARIYEVA

Seçilən
23
baki-xeber.com

1Mənbələr