AZ

Mehdiyev Akif Əlizadənin AMEA-da bir çox qanunsuz əməllərini ört-basdır etdi... Çirkli dostluğun fəsadları...


İlqar Orucov: “Akademiya kimi saf, kristal bir mühiti Akif Əlizadə-Ramiz Mehdiyev cütlüyü bazara çevirdi”

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) ölkənin baş elmi mərkəzi olsa da, alimlərin uğurları, ixtiraları, Azərbaycan dövlətinə verdiyi töhfələr müzakirə mövzusu olmur, onun ətrafında yalnız qalmaqallı fikirlər, iddialar, ittihamlar dolaşır.

2024-cü ildə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilirdi ki, Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub.AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib.

Elmi ictimaiyyətdə gəzən söhbətlərə görə, əsas yeyinti faktları Akif Əlizadənin və Ramiz Mehdiyevin AMEA-ya rəhbərliyi dövründə olub, bu onların qeyri-şəffaf əlaqələrinin “bəhrəsidir”.

O da deyilir ki,2019-cu ildə Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən çıxarılandan sonra onunla Akif Əlizadə arasında gizli danışıq olub ki, A.Əlizadə istefa verir, R.Mehdiyev də Prezident İlham Əliyevlə görüşündə ölkə başçısından xahiş edir ki, onu AMEA-nın prezidenti vəzifəsinə təyin etsin. Yəni R.Mehdiyevin AMEA prezidenti “seçilməsi” əslində onunla A.Əlizadə arasında qeyri-şəffaf, çirkin sövdələşmənin nəticəsdir. A.Əlizadə R.Mehdiyevə görə AMEA prezidenti vəzifəsindən istefa verib və R.Mehdiyev bu vəzifəni tutub. R.Mehdiyev AMEA prezidenti olandan sonra isə A.Əlizadənin bütün qanunsuz əməllərinin, çirkin işlərinin üstünü ört-basdır edib. Söyləntilərə görə, bu onların çirkin sövdələşməsinin nəticəsidir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Baş Prokurorluq tərəfindən AMEA-da baş verənlərlə bağlı aparılan araşdırmalarla mətbuatdan tanışdır. “Hər birimiz bu məlumatları böyük ürək ağrısı ilə oxuyuruq. Çünki AMEA ulu öndər Heydər Əliyevin zamanında qeyd etdiyi kimi, Azərbaycan xalqının milli sərvəti olub. AMEA xalqımızın ümumi elmi intellektual potensialının yüksəldilməsində çox şərəfli bir tarixə malik olub. 2013-cü ilə qədər AMEA-da rəhbər vəzifədə çalışmışam, orda gənclər işinə rəhbərlik etmişəm və zamanında bu qurumda həm də gənclərlə işin əsasını qoymuşam, yeni bir baxış, yeni bir yanaşma ərsəyə gətirərək gələcək milli elmi kadr potensialının gücləndirilməsinə töhfələr vermişəm. 2013-cü ildə Akademiyanın prezidenti, dünya şöhrətli alim, eyni zamanda əsl elm xadimi, böyük şəxsiyyət akademik Mahmud Kərimovun vəfatından sonra AMEA-da baş verən pozuntulara etiraz olaraq öz istəyimlə işimdən ayrılmışam. Xatırlayıram, 2013-cü ildə ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edən hadisə olan prezident seçkisi öncəsi Akademiyada sonuncu tədbirim kimi minlərlə gənc alimi toplayaraq onların adından ölkə başçısına, dövlətimizə dəstəyimizi ifadə edən gənc alimlərin ümumi yığıncağını keçirərək prezident seçkilərində cənab İlham Əliyevə dəstəyimizi ifadə etdik. Bundan sonra bütövlükdə vəziyyəti dəyərləndirdim və gördüm ki, o zaman Akademiyaya prezident gəlmiş Akif Əlizadə ilə işləməyim sadəcə mümkünsüzdür. Çünki bu adam acgözlüklə Akademiyanın resurslarını özününküləşdirmək kimi bir bazar yanaşması ortaya qoyaraq fəaliyyətə başlamışdı. Onunla aramda olan söhbəti yaxşı xatırlayıram. Dedi, mənə Ramiz Ənvəroviç (O, Ramiz Mehdiyevin ən yaxın kadrı idi-İ.O) deyib ki, Akademiya pul qazansın. Akademiya necə pul qazana bilər? Siz alimin düşüncəsinə fikir verin ki, mən Akademiyanın balansında olan binaları icarəyə verməliyəm və biz yalnız icarədən pul qazana bilərik. Siz təsəvvür edin ki, bu nə deməkdir. Siz “alimin”, elmə rəhbərlik edənin, ölkə elminin başında duran şəxsin elmin maliyyə qazanması ilə bağlı düşüncəsinə baxın. Mənim təşəbbüsümlə dünyanın 98 ölkəsindən indiyədək dünyada miqyasına görə alimlərin ən böyük tədbirinə - Dünya gənc Alimlərinin Bakı Forumuna hazırlaşırdıq. Tədbirin rəsmi açılışının Gülüstan Sarayında keçirilməsini planlaşdırmışdım. O məni yanına dəvət edərək, Gülüstan Sarayına verəcəyimiz icarə haqqını AMEA-ya verməklə forumu AMEA-nın əsas binasındakı böyük akt zalında keçirməyimi təklif etdi. Təsəvvür edin, mən AMEA-nın adını forumun təşkilatçıları sırasında ikinci yerdə yazmışdım. Haqlı olaraq bildirdim ki, Akif müəllim, sizin bu tədbirin keçirilməsində faktiki heç bir rolunuz və zəhmətiniz yoxdur, biz sizi təşkilatçı olaraq yazmışıq. Heç olmasa zalın icarə pulunu bizdən istəməyin. Bircə qəpik xərcləmədən və heç bir rolu olmadan bu tədbirin başında oturdu.Bu, bazar düşüncəli bir insanın elmə yanaşması idi. Biz Mahmud müəllimin vaxtında çox nəcib bir işə başlamışdıq, ölkə başçısının rəhbərliyi ilə Akademiyanın aspirantlar yataqxanasında yaşayan və mənzilə ehtiyacı olan evsiz gənc alimlər üçün 4 binanın tikintisini həyata keçirmişdik. Akif Əlizadə Akademiyaya prezident vəzifəsinə gələndə, demək olar ki, o 4 bina hazır idi. Böyük əziyyətlə Akademiyadakı gənc alimlər şuraları ilə birlikdə neçə alimin evə ehtiyacı olduğunu, kimlərin mənzilə ehtiyacının olub-olmadığını dərindən araşdırmışdıq. Akif Əlizadə o siyahını məndən aldı və o binadakı mənzilləri acgözlüklə, pul müqabilində satdı. Həmin binalarda Akif Əlizadə 4 mənzilə qızının və gəlininin adına orderlər aldı. O binalardan mənzilləri özünə yaxın insanlara verdi. Məlumatlar daxil olurdu ki, o, mənzilləri rüşvət müqabilinə satır.Siz təsəvvür edirsiz bu nə deməkdir? Akademiyada alimlər evsiz olduğu halda, öz sürücülərinə onlar evlər verdilər. Onlara evlərin nəyin müqabilində verildiyi hər kəsə gün kimi aydındır.

Mən o zaman Akif Əlizadənin bu əməllərinə qarşı mətbuatda böyük ittihamlarla çıxış etmişəm. Amma onun hünəri çatmayıb ki, o ittiahamlara cavab olaraq məni məhkəməyə versin və ona “böhtan atdığımı” qeyd etsin. Çünki mən ona böhtan atmırdım, həqiqəti deyirdim. Bilirdim ki, bu adamın acgözlüyü, pula hərisliyi, elmdən uzaq olması bu qurumu məhvə aparır...”

Gənc Alimlərin Elm Festivalından da danışan İ.Orucov qeyd etdi ki, o bu festivalı Akif Əlizadənin rəhbərliyindən illər əvvəl iki dəfə Azərbaycanda keçirib və bunu elm tədbiri kimi ortaya qoyub. A.Əlizadənin o ideyanı oğurladığını deyən ekspert vurğuladı ki, əslində o, görüntü yaratmaqla məşğul oldu. “O tədbirlərə məhz Ramiz Mehdiyevin asılı olduğu Rusiyadan artistlər gətirib Akademiyanın səhnəsinə çıxardı ki, adam guya elmin populyarlaşması ilə məşğul olur. Mən gənc alimlərin yığıncağında bir neçə təkliflə çıxış etmişdim, gənc alimlərin qurultayının keçirilməsi, eləcə də onlara hədəflənmiş neçə-neçə ideyalar irəli sürmüşdüm. Onların hamısını mənimsədi. Eybəcər formada öz “bacarığına”, öz “biliyinə” uyğun şəkildə həmin tədbirləri keçirməyə başladı. Bu da faydasız görüntüdən başqa bir şey deyildi. Mən hər zaman onun bu antielm fəaliyyətini, elmi əxlaqla bir araya sığmayan, yalnız pul silməyə xidmət edən görüntü xarakterli işlərinin əleyninə mətbuatda çıxış etmişəm. Adam adi sexlərdə istehsal edilən mühərrik yağlarını Akademiyanın Yüksək Texnologiyalar Parkında sex səviyyəsində buraxdırırdı. Çünki onun elmi düşüncəsi, elmi zəkası yox idi. Sadəcə, zamanında himayə ilə komsomoldan gəlmişdi və lazımı zamanda lazımı yerdə olmaq qabiliyyəti ilə bu adam AMEA-da fəaliyyət göstərib.

Xatırlayıram, AMEA-nın ovaxtkı prezidenti Mahmud Kərimovla vəfatından bir neçə gün əvvəl söhbətimiz olmuşdu. O mənə deyirdi ki, Akademiyada işləməyən yeganə vitse-prezident varsa o da Akif Əlizadədir, mən yenə prezident olsam, o adamı mütləq bu vəzifədən uzaqlaşdıracağam. Yəni adam elmdən başqa nə ilə desən məşğuldur. Bu ona qismət olmadı və Akif Əlizadə gəlib elmin başında dayandı. Prezident olan kimi özünə bahalı avtomobil aldı. Halbuki, alimlər akademiyada 400-500 manat əməkhaqqına qulluq edirdilər. Ehtiyac olmadığı halda gətirib Akademiyaya mühafizəçilər qoydu. Deyirdim ki, Akademiyada mühafizə nəyə lazımdır, dünyanın hansı ölkəsində akademiyada mühafizə var? “Burda mən, Bağdadda kor xəlifə” iddiası ilə ahıl yaşda olan bir insan xüsusi mühafizənin müşaiəti ilə gəlirdi, bütün yolları bağlayırdı, o otağına girənə qədər heç kəs çölə çıxa bilməzdi. Bir velosipetin təkərini istehsal edə bilməyən bir qurumun rəhbəri 500-600 minlik “Mersedes-S klasda” gəlir. Sən kimdən, nədən özünü qoruyursan? Bu adam Texnologiyalar Parkında adi su istehsalı ilə məşğul idi. Elmə rəhbərlik edən adamın təfəkkürü görün nə səviyyədə idi. Yüksək Texnologiyalar parkı hara, bulaq suyu hara, yaxud mühərrik yağları hara? Akif Əlizadə Akademiyanın tarixində çox uğursuz prezident olub və Akademiyanı məhv edib. Akademiyanın ərazisində açdığı çayxananı indi də onun adı ilə adlandırırlar. Akademiyada işləyən əməkdaşların gününü sadəcə qara etmişdi.

Cənab Prezidentinin Tovuza səfərindən sonra dövlət başçısı Tovuzda Göytəpə Milli Arxeologiya Parkının yaradılması ilə bağlı sərəncam imzaladı. Bu sərəncam bugünə kimi icra olunmayıb. Akif Əlizadə bütün prosesi pozdu. Dələduz insanları gətirib Akademiyanın işlər idarəsində vəzifəyə qoydu. Akademiyanın işlər idarəsinə Turab Əhmədov adlı çox gözəl elmi təşkilatçılıq bacarığı olan insan rəhbərlik edirdi, onu uzaqlaşdırdı, öz xislətinə uyğun adamı gətirib Akademiyanın işlər idarəsinə rəhbər qoydu. Akademiyanın Rəyasət Heyətinin ştat vahidlərini artırdı, lazımsız şöbələr, idarələr, özü üçün isə xüsusi katiblik yaratdı. Bunlar dövlət vəsaitlərindən şəxsi mənafe naminə istifadə idi və həm də səmərəsiz istifadə idi. Ondan sonra Azərbaycanın elmi mühitini məhv etmək üçün Ramiz Mehdiyev Akademiyaya “prezident seçildi”. Baxmayaraq ki, cənab Prezident onu ölkəmizin ən yüksək ordeni olan Heydər Əliyev ordeni ilə təltif etmişdi, ona yüksək etimad göstərmişdi. Amma o gəlib Akademiyada intriqa mühiti yaratdı, Akademiyaya yeni “ənənələr” gətirdi. Hər zaman Akademiyanın prezidenti olmuş insanların Fəxri Xiyabandakı məzarlarını ziyarət edirəm, Akademiyanın durumu ilə bağlı ürəyimdə bizim böyük alimlərimizlə danışırdım ki, bu iki bazar təfəkkürlü və elmdən xəbərsiz insan gəlib Akademiyanı hansı vəziyyətə gətirdi. Akademiya kimi saf, kristal bir mühiti Akif Əlizadə-Ramiz Mehdiyev cütlüyü bazara çevirdi. Çünki onların düşüncəsində yalnız və yalnız bazar xisləti hakim idi. Ramiz Mehdiyevin Akademiyadakı özbaşınalıqları heç kimə sirr deyil. Maraqlı nədir? Akademiyanın idarəedilməsi kollegial idarəetmədir. O vaxt Akademiyada vitse-prezidentlər, Rəyasət Heyəti üzvlərindən ibarət bir qrup baş verən qanunsuzluqlara qarşı səslərini çıxarmadılar, baş verənlərə göz yumurdular ki, sanki belə olmalı imiş. Onların içində yaxşı və elmi bilən insanlar da var. Sadəcə olaraq əqidəli və elmə xidmət edən insanların danışmaq imkanları yox idi. Danışmaq imkanı olan adamlar ki vardı, onları da akademik edən Ramiz Mehdiyev və Akif Əlizadə idi. Heç təsəvvür etmədikləri yüksək elmi adı onlara vermiş himayədarlarına qarşı səslərini çıxara bilməzdilər. Akademiya bərbad hala düşdü. Akif Əlizadənin və Ramiz Mehdiyevin zamanında sanki filankəs yaxşı oğlandır onun üçün ona institut yaradıblar. İxtisasları uyğun gəlməyən və keçmişi müəmmalı adamları gətirib elmi-tədqiqat institutlarına direktor və digər rəhbər işlərə təyin etmişdilər. Siz dövlətin pullarını nə qədər səmərəsiz istifadə edəcəksiniz, nə qədər görüntü xarakterli işlərlə məşğul olacaqsınız? Əminəm ki, Akademiyada baş verən pozuntularla bağlı istintaq obyektiv araşdırmaları ortaya qoyacaq. Çünki artıq bunların maskaları yırtılıb. Əminəm ki, Akif Əlizadənin və Ramiz Mehdiyevin Akademiyaya rəhbərlik etdiyi dövr təftiş olunacaq və onlar dövlətə vurduqları ziyanı da, dövlətdən oğurladıqları milyonları da geri qaytaracaqlar. Bunu onların boğazından çəkib çıxarmaq lazımdır. Hələ ki, sakit yaşayırlar. Onlar elmi çox pis günə qoydular. Təsəvvür edin ki, bazarda alver edən və alverçi adamlara bunlar elmər doktoru elmi dərəcəsi verdilər. Onlar çox rahatlıqla gəlib Akif Əlizadənin rəhbərlik etdiyi institutda və digər instutularda elmlər doktoru adı aldılar. Gənclər məndən soruşurlar ki, bu biabırçılıqlar necə baş verdi, onlar necə gəlib elmlər doktoru oldular? Nə qədər istedadlı gənclərin elmə gəlməsinin qarşısını aldılar, maddiyyat qarşılığında təsadüfi insanlara elmi dərəcələr verdilər. Hesab edirəm ki, Akif Əlizadə və Ramiz Mehdiyevin elmə vurduqları maddi və mənəvi zərbələrin qarşılığı mütləq şəkildə olmalıdır. Onların Akademiyanın həqiqi üzvlüyündən məhrum edilməsindən tutmuş dəymiş maddi və mənəvi ziyanın geri qaytarılmasınadək ən sərt tədbirlər görülməlidir. Çünki nə Akademiyaya rəhbərlik etmiş nəhəng insanların ruhu bizi bağışlayacaq, nə də Azərbaycan elmi. Elmi bu günə gətirib salan adamların əməlləri cəzasız qalacaqsa elmdə bundan sonra da ədalətsizlik və cəzasızlıq mühiti davam edəcək”-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr