Öz aramızdı, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli premyer-liqasında qeydə alınan mübahisəli hakim qərarlarını şərh etməyə başlayandan baş məşqçilər arasında biabırçı trend yaranıb.
Kim ədalət təmsilçisinin idarəçiliyindən narazı qalsa, mütəxəssisi, necə deyərlər, duelə çağırır. Belçikanın adlı-sanlı veteran hakimlərindən olan De Blekere də hər həftənin cümə axşamı onlara cavab verir. Gah qalib gəlir, gah da məğlub olur. O başqa məsələ ki, mütəxəssisin cavabları heç də həmişə narazı tərəfləri qane etmir. Yumşaq desək, işə yaramır, narazı tərəflər öz fikrindən daşınmır ki, daşınmır.
Hələ bu harasıdı?! Demək olar, hər mətbuat konfransında sözə hakimdən başlayıb hakimlə bitirən baş məşqçilər var. Hamı onları bilir, tanıyır. Sağ olsunlar, bəziləri “fit sahibləri”ylə bağlı sual verilmədikcə dillənmir. Elələri də var ki, abrına sığınmaq yerinə “elə bilirdim, bu sualı verməyəcəksiz” deyib biz jurnalistlərə söz atır...
Bəli, biz hadisələrin axarını yaxından – istisnasız bütün hallarda tribunalardan izləyirik. Hələ bəzi stadionlar var ki, orda media sektoru komandaların yaşıl meydandakı texniki zonasına yetərincə yaxındı. Bunlardan biri də “Bank Respublika Arena”dı ki, ötən həftənin şənbə günü bu idman qurğusunda biabırçı olaylar yaşandı. Təəssüf ki, baş rolda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev idi. 45 yaşlı mütəxəssis komandasının Misli premyer-liqasının 9-cu turunda “Sabah”a qarşı keçirilən matçında bir saniyə yerində dayanmadı. Gah baş hakim Rəşad Əhmədovu hədəf aldı, gah da dördüncü hakim Kamranbəy Rəhimovu. Birincisi, Rəşad bəyin Elmar Baxşıyevə vərəqə göstərməməsinin səbəbi bizə qaranlıq qaldı. Əvvəldən sonacan hakim qərarlarına etiraz edən baş məşqçiyə şifahi xəbərdarlıq belə edilmədi. Bu öz yerində. Baxşıyev isə mingəçevirli ədalət təmsilçisini nə VAR yoxlamalarında sərbəst buraxdı, nə də meydanın içində.
Belə olmaz, əziz baş məşqçilər. Xüsusən də yerlilər! Əlbəttə, məqsədim haklimlərə qahmar çıxmaq, indiyə qədər bütün oyunlarda ədaləti qüsursuz şəkildə qoruduqlarını iddia etmək deyil. Səhvlər çoxdu. Və hətta bəzi hallarda birbaşa nəticəyə təsir edən yanlış qərarların şahidi oluruq. Ancaq bu, baş məşqçilərin əndazəni aşmasına səbəb olmamalı, mətbuat konfransında səsləndirilən fikirlərə ölçü-biçi verilməli, ümumiyyətlə, daha təmkinli görünmək üçün çalışılmalıdı. Yoxsa hakim – baş məşqçi qarşıdurmaları hələ çox baş ağrıdacaq...
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta