Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Sejonq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
SİA xəbər verir ki, bu barədəBDU-dan məlumat verilib.BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. H.Məmmədov qonaqların diqqətinə çatdırıb ki, BDU son zamanlar dünyanın aparıcı universitetləri ilə çoxsaylı əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Eyni zamanda, universitetin həyata keçirdiyi birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. O, süni intellekt, iqtisadiyyat, turizm, beynəlxalq əlaqələr kimi sahələr üzrə ortaq proqramlar reallaşdırmaq, müxtəlif beynəlxalq layihələrdə birgə iştirak etmək imkanlarının olduğunu da qeyd deyib.
Koreyanın Sejong Universitetinin vitse-prezidenti Çung Hun Li isə iki universitet arasında əməkdaşlıq potensialının mövcudluğunu, xüsusən də, iqtisadiyyat, süni intellekt və biznesin idarəolunması, turizm kimi sahələrdə ikili diplom proqramlarının qurulması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Sejonq Universiteti 1940-cı ildə təsis edilib. Universitetdə 8 fakültə və 10 məktəb fəaliyyət göstərir. 20 minə yaxın tələbəsi olan universitet QS dünya universitetləri reytinqində 396-cı, THE dünya universitetləri reytinqində isə 201-250-ci yerdə qərarlaşıb.
 
                         
 