AZ

Birinci Dünya müharibəsində Azərbaycandakı Osmanlı əsirlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Birinci Dünya müharibəsində Azərbaycandakı Osmanlı əsirlərə həsr olunmuş kitabın təqdimatı mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, “I. Dünya Savaşında Azərbaycan’da Osmanlı esirleri – Azerbaycan türklerinin esirlere yardımları” kitabının təqdimat mərasimi Xəzər Universitetində ziyalıların, yazarların, universitet tələbələrinin və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Kitabda Birinci Dünya müharibəsi dövründə Bakının yaxınlığındakı Nargin adasında və Qafqaz cəbhəsində əsir düşən Osmanlı türklərinin ağır həyat şəraitindən, eyni zamanda Azərbaycan türklərinin onlara göstərdiyi yardım və fədakarlıq nümunələrini orijinal arxiv sənədləri və dövrün mətbuat materialları əsasında üzə çıxarmasından bəhs olunur.
Kitab Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Xəzər Universiteti nəşriyyatı tərəfindən çap edilib. Layihənin elmi redaktoru və koordinatoru Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin rəhbəri dosent Telman Nüsrətoğludur. Elmi heyətdə Rəsul Köse, Mehdi Gəncəli, Sadık Çetin, Söhrab Mustafayev, Ramin Fətullayev, Orxan Baldane, Azad Ağaoğlu, Ceyran Məmmədova, Furkan Abir, Nihad Nəsirzadə və digər tədqiqatçılar yer alıblar.
Rusiya, Gürcüstan, Osmanlı və Azərbaycan arxivlərində aparılan araşdırmalar nəticəsində ilk dəfə olaraq çoxsaylı əsir məktubları, raportlar, Kızılay sənədləri və orijinal qəzet yazıları elmi dövriyyəyə daxil edilib. Həmçinin kitabda o dövrdə nəşr edilmiş “Möhtaclara kömək”, “Açıq söz”, “Kaspi”, “Hümmət”, “İqdam” qəzetlərinin materialları transkripsiya edilərək günümüzün əlifbasında təqdim olunur.
Əsər Nargin adasının tarixdə necə “ölüm adası” kimi tanındığını, minlərlə Osmanlı əsgərinin aclıq, xəstəlik və səfalət içində mübarizə apardığını sənədlərlə göstərir. Bu faciə təkcə bir millətin deyil, bütün Türk dünyasının ortaq yaddaşına çevrilib.
Kitabda Azərbaycan xeyriyyə təşkilatlarının fəaliyyəti xüsusi yer tutur. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, Möhtaclara Kömək Cəmiyyəti, “Nicat” Maarif Cəmiyyəti, Gəncə Milli Komitəsi kimi qurumların əsirlərin xilasına yönələn fəaliyyəti, yardımlar, səyyar xəstəxanalar və xilas əməliyyatları sənədlərlə əks etdirilib. Bu fəaliyyətlər yalnız humanitar təşəbbüs deyil, eyni zamanda, Azərbaycan və Türkiyə türkləri arasında möhkəm mənəvi bağın təzahürü kimi təqdim olunur.
Nəşrin elmi dəyəri onun arxiv materiallarının sistemli şəkildə təqdim edilməsindədir. Müəlliflər qrupu Osmanlı arxivləri, Rusiya Dövlət Hərb Tarix Arxivi, Gürcüstan Milli Arxivi, Azərbaycan Dövlət Arxivi, Kızılay və Milli Müdafiə Nazirliyi arxivlərindən yüzlərlə sənədi toplayaraq onları tarix və mövzu ardıcıllığı ilə tərtib edib.
Sənədlər əsasında Nargin adasında və Qafqaz ərazisində əsir düşən Osmanlı hərbçilərinin, o cümlədən mülki şəxslərin, qadın və uşaqların faciəvi taleyi, xəstəliklər və kütləvi ölümlər barədə real faktlar üzə çıxarılıb. Bununla yanaşı, azərbaycanlı ziyalıların və xeyriyyəçilərin əsirlərə göstərdiyi yardım, ianələr və azadlıq cəhdləri konkret arxiv sübutları ilə təqdim olunur.
Redaktor Telman Nüsrətoğlu qeyd edib ki, bu layihə “yalnız tarixi sənədlərin toplusu deyil, həm də Türk dünyasının vicdan tarixinin bir parçasıdır”:
“Bu əsər göstərir ki, Azərbaycan türkləri o illərdə təkcə əsirlərə ərzaq və dərmanla yardım etməmiş, həm də onların azadlığı uğrunda gizli fəaliyyətlər təşkil etmişlər. Bakı, Gəncə və Tiflis şəhərlərində başladılan yardım kampaniyaları, cəmiyyətlər və mətbuat səhifələrindəki çağırışlar, Türk dünyasında ortaq milli şüurun o dövrdə artıq necə formalaşdığını nümayiş etdirir”.
Adı vaxtilə “ölüm adası” olan Nargin bu tədqiqat sayəsində Türk həmrəyliyinin rəmzi kimi tarixə yenidən daxil olur. Kitabın sonunda yerləşən fotoşəkillər və arxiv görüntüləri – açıq səma altında namaz qılan əsirlər, yaralıların müalicə olunduğu səhnələr, Bakıdakı yardım komitələrinin fəaliyyət fotoları – oxucunu yalnız faktla deyil, hisslə də baş-başa qoyur.
Nəsimi Ələsgərli
Seçilən
19
yenicag.az

1Mənbələr