AZ

Əliyevin İrəvan səfərindən imtina etməsi sülh prosesinə müsbət təsir edəcək...


Prezident İlham Əliyevin 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi (ASB) sammitində iştirak etməyəcəyi barədə məlumat regionun diplomatik gündəliyində mühüm hadisəyə çevrilib. Bu qərar rəsmi Bakının sadəcə protokol yox, strateji düşünülmüş diplomatik mövqeyinin ifadəsidir.

Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərin hüquqi bazası - sülh müqaviləsi və praktiki mexanizmlər - hələ tam formalaşmayıb. Belə bir şəraitdə yüksək səviyyəli səfərin həyata keçirilməsi vaxtından əvvəl və siyasi baxımdan ziddiyyətli siqnal kimi qiymətləndirilir.

2020-ci ilin 44 günlük müharibəsindən sonra başlanan sülh danışıqları beş il ərzində bir neçə istiqamətdə aparılsa da, yetkin nəticə hələ əldə olunmayıb. Yəni Brüssel, Moskva və Vaşinqton formatlarında keçirilən görüşlərə baxmayaraq, sülh müqaviləsi imzalanmayıb. Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi tam yekunlaşmayıb, yalnız Qazax və Tavuş istiqamətində cüzi irəliləyiş əldə olunub. Nəqliyyat-kommunikasiya xətləri, xüsusən Zəngəzur dəhlizi ilə bağlı razılaşma yoxdur. Ermənistan “dəhliz” anlayışını qəbul etmir, Azərbaycan isə Naxçıvanla zəmanətli keçid tələb edir. Belə bir vəziyyətdə İrəvanda keçirilən ASB sammitində Azərbaycanın prezident səviyyəsində təmsil olunması sülh prosesi tamamlanmadan aldadıcı normallaşma görüntüsü yarada bilərdi.

Azərbaycan diplomatiyası son aylarda “praktik nəticələrə əsaslanan diplomatiya” xəttini sürdürür. Rəsmi Bakı formal görüşlərdən çox real öhdəlikləri və əməli addımları önə çəkir. Ermənistanın son dövrlər Qərbə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Avropa İttifaqı müşahidə missiyasının mandatını uzatması fonunda Azərbaycan daha ehtiyatlı mövqe tutur. Bakı proseslərə yalnız öz maraqları əsasında qoşulur və qərarlarını xarici mərkəzlərin təklifləri ilə deyil, milli prioritetlərlə müəyyənləşdirir.

Əliyevin sammitdə iştirak etməməsi həm Ermənistan, həm də Qərb üçün çoxqatlı mesaj daşıyır. Ermənistan üçün bu, sülhün yalnız sözlə deyil, əməli addımlarla mümkün olduğuna dair xəbərdarlıqdır. Bakı bildirir ki, simvolik jestlərdən əvvəl real sənədlər imzalanmalıdır. İrəvan konkret addımlar atmadan diplomatik tədbirlərlə “normal münasibətlər” görüntüsü yaratmamalıdır. Məsələn, Azərbaycan hökumətinin ölkə üzərindən Ermənistana məxsus yüklərin daşınmasına icazə verməsi İrəvan üçün daha çox əhəmiyyətlidir, nəinki Zəngəzur dəhlizı Bakı üçün... Çünki birincisi, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsinin qayğısıdur, Azərbaycanın jesti isə bütün Ermənistanın taleyinə təsir edir - ölkəyə gələn yüklər 4 gün daha tez, 40% daha ucuz mənzil başına çatacaq. Zəngəzur dəhlizi ilə Araz dəhlizinin isə arasındakı məsafə fərqi cəmi 10 km-dir, Zəngəzur dəhlizi 43, Araz dəhlizi isə 53 km məsafəyə malikdir.

Bu qərar eyni zamanda Qərb paytaxtlarına da ünvanlanıb. Azərbaycan göstərmək istəyir ki, onun iştirak qərarları Brüssel və ya Parisin təkliflərinə əsaslanmır. Bakı regionda suveren diplomatik xətt yürüdür və Avropa siyasi formatlarında iştirak üçün öz şərtlərini müəyyənləşdirir. Qərb Ermənistanı “demokratik tərəfdaş” kimi təqdim etməyə çalışsa da, Azərbaycan bu tendensiyanı balanslaşdırmaq üçün proseslərə məsafəli yanaşır.

Hazırda Azərbaycan-Ermənistan münasibətləri “soyuq dialoq” mərhələsindədir. Əlaqələr qırılmayıb, amma qarşılıqlı etimad formalaşmayıb. Əgər 2026-cı ilin birinci yarısına qədər sülh müqaviləsi imzalanar və sərhədlərlə bağlı konkret irəliləyiş əldə olunarsa, Bakı yenidən regional diplomatik platformalarda aktiv iştirak edə bilər. Əks halda Azərbaycan “selektiv diplomatiya” xəttini davam etdirəcək - yalnız öz maraqlarına uyğun tədbirlərə qatılacaq.

Prezident İlham Əliyevin İrəvan sammitinə qatılmamaq qərarı sülhdən imtina deyil, əksinə, sülhün şərtlərinin dəqiq müəyyənləşdirilməsi üçün siyasi manevrdir. Bu addım Azərbaycanın regionda strateji balansı qorumaq, diplomatik nüfuzunu artırmaq və danışıqlarda təzyiq vasitələrini saxlamaq siyasətinin tərkib hissəsidir.

Azərbaycan tərəfi bu səfərdən o məntiqlə imtina edir ki, sülh prosesinin gedişi zamanı bu səviyyədə səfər Bakının hər şeydən razı olduğu təsəvvür yarada bilər. Buna görə də Ermənistan tətəfi sülh prosesini sürətləndirəcək ki, gələcəkdə bir daha belə səfərlər gərəkəndə İlham Əliyv ondan imtina etməsin.

Bakı bu qərarla açıq şəkildə bildirir ki, Cənubi Qafqazda sabitlik yalnız bərabərhüquqlu, qarşılıqlı məsuliyyətli və hüquqi təminatlı razılaşmalarla mümkündür. Azərbaycan diplomatik səssizliyi ilə də mesaj verir: sülh təkcə görüş masasında deyil, öhdəliklərdə ölçülür.

Dəniz NƏSİRLİ

Seçilən
87
baki-xeber.com

1Mənbələr