AZ

Mədəniyyət nazirliyinin sərgisində bayraq qalmaqalı: “Adil Kərimlinin başı nəyə qarışıqdır?”

Tanınmış jurnalist Aygün Muradxanlı Mədəniyyət Nazirliyinin xətti ilə İçərişəhərdə yerləşən Qız Qalası qalereyasında keçirilən "Əcdadlarımız" adlı sərgiyə kəskin etiraz bildirib.

Editor.az xəbər verir ki, Muradxanlı sosial şəbəkədə paylaşdığı statusda qeyd edib ki, sərgidə nümayiş etdirilən və üzərində Azərbaycanın üçrəngli bayrağını xatırladan rənglərin olduğu qoyun rəsmi milli və dövlət dəyərlərinə açıq hörmətsizlikdir.

"Mehdiyev çətəsinin araşdırması hələ uzun sürəcək, gəlin sizə Azərbaycanda gözəgörünməz bir şəbəkənin mədəniyyət adı altında milli və dövlət dəyərlərimizi, əsas da uğrunda 107 ildir can verdiyimiz bayrağımızı necə ələ saldığından danışım", - jurnalist bildirib.

O qeyd edib ki, "Əcdadlarımız" adlı sərgidə təqdim olunan əsərlər arasında qoyun, köpək və qızıldiş qoyun kəlləsinin təsvirləri var:

"Tanıtım üçün qoyulan rəsmlərə heyrətlənməmək mümkün deyil. "Əcdadlar" sərgisinə rəssamlar qoyun və köpək rəsmləri ilə qatılıblar. Bu anlayış hər bir normal insan şüurunda millətinin başlanğıcını ifadə etməlidir, amma görünür, nazirlik və sərgi təşkilatçılarının düşüncəsində 'əcdad' anlayışı tam başqa məna daşıyır."

Muradxanlı bildirib ki, sözügedən rəsmin sərgidə nümayiş etdirilməsi Azərbaycan bayrağının müqəddəsliyinə ziddir:

"Sərginin baş köşəsinə başı üzərində Azərbaycanın dövlət atributu üçrəngli bayrağımızı açıq-aşkar andıran təsvir olan qoyun rəsmi qoyulub. Rənglər tam da bayrağımızdakı rənglərdir. Məsələni çevirmək yersizdir. Lap mavini səma, yaşılı ot kimi düşündük... Al qırmızı dağdırmı?"

Jurnalist qeyd edib ki, dövlət atributlarının aşağılanması Azərbaycan Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır:

"Mədəniyyət naziri Adil Kərimlinin başı nəyə qarışıb? Azərbaycanın üçrəngli bayrağı onun kurasiyasında olan sahədə qoyunun başı üzərində "dalğalanırsa", bu, millətə 'qoyun' deyilməsi anlamına gəlir. Bayraq oyuncaq deyil - qutsaldır. O bayraq uğrunda minlərlə şəhid can verib."

Muradxanlı Mədəniyyət Nazirliyini məsuliyyətə çağırıb:

"Nazirlik dərhal bu yanlışını düzəltməlidir. Həmin rəsmlər sərgidən götürülməli, sərginin adı dəyişdirilməlidir. Əgər bu, 'sənət'dirsə, o zaman bu sənətin adı hörmətsizlikdir."

Sosial şəbəkələrdə jurnalistin paylaşımı geniş rezonans doğurub. İstifadəçilər "Adil Kərimli bayrağı nə sanır?" sualını haqlı etiraz kimi səsləndirərək, Mədəniyyət Nazirliyindən məsələ ilə bağlı izahat tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr