İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsində hədəfə dəqiq zərbə endirdiyini açıqlayıb. Məlumata görə, zərbə İsrail əsgərlərinə və yəhudi dövlətinə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə endirilib. Bütün bunlar ABŞ-ın vasitəçiliyi ilə sözügedən ərazidə sülhün əldə olunmasına da ciddi təhdid yaratmaqda davam edir.
İndi Vaşinqtonda belə hesab olunur ki, əraziyə sülhməramlı qüvvələr yerləşdirilməsi ilə məsələni həll etmək olar. Məhz belə bir vaxtda “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası bir neçə həftə ərzində Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrini yerləşdirmək planı hazırlayır. Səudiyyə Ərəbistanı telekanalının məlumatına görə, Qəzza zolağına göndəriləcək qüvvələrə ərəb və regiondankənar ölkələrin qoşunları daxil olacaq. Fələstin anklavına qoşun göndərə biləcək konkret ölkələrin adları açıqlanmayıb. “Al Arabiya”nın mənbələri ABŞ-ın Qəzzada təhlükəsizliyi təmin edəcək Fələstin Milli Administrasiyasının polis zabitlərinə təlim keçməyi planlaşdırdığını da söyləyiblər. ABŞ ordusundan kanala bildirilib ki, Qəzza üçün yaradılan Mülki-Hərbi Koordinasiya Mərkəzi sürətlə çoxmillətli mərkəzə çevrilir, hazırda davam edən atəşkəs sazişi çərçivəsində humanitar, maddi-texniki və təhlükəsizlik yardımını koordinasiya etmək üçün 14 ölkə və 20 qeyri-hökumət təşkilatının nümayəndələrini bir araya gətirir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins iştirakçı ölkələrin adlarını çəkməkdən imtina etsə də, yalnız Böyük Britaniyanın mümkün iştirakına işarə edib. Məlumata görə, İsrail bəzi ölkələrin, o cümlədən Türkiyənin Qəzzaya qoşun göndərməsinə qarşı olduğunu bildirib. İsrail xarici işlər naziri Gideon Saar bundan əvvəl Türkiyənin sözügedən beynəlxalq missiyada mümkün iştirakına etiraz edib. Amma burada Azərbaycana yer ayrılacağı barədə çoxdan məlumatlar dolaşır. Hələ bir bir neçə gün əvvəl “Politico” nəşri Pentaqona istinadla yaydığı məlumatda yazmışdı ki, Pakistan, Azərbaycan və İndoneziyanın vəziyyəti sabitləşdirməyə kömək etmək üçün Qəzza zolağına qoşun göndərəcəyi gözlənilir. Daha sonra “AnewZ”un yaydığı məlumatda qeyd olunmuşdu ki, ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. “The National İnterest” nəşri də daha əvvəl Azərbaycanın Qəzzaya sülhməramlı qüvvələr göndərməsinin mümkünlüyünü qabardıb. Lakin elə bu günlərdə “Israel Hayom” nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya, İordaniya və Mərakeş daxil olmaqla bir neçə ölkə Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planında iştirakdan imtina edib. Məlumata görə, bu qərar HƏMAS-ın hələ də silahlı strukturlarını qoruması və bölgədəki qeyri-müəyyən vəziyyətlə bağlı qəbul edilib. İsrailin təhlükəsizlik qurumlarından sızan məlumatlara əsasən, HƏMAS silahlıları ilə eyni ərazidə fəaliyyət göstərəcək istənilən beynəlxalq qüvvə silahlı qarşıdurmadan yayınmayacaq. Xüsusilə, HƏMAS-ın silahsızlaşdırılması istiqamətində atılacaq hər hansı addım birbaşa döyüş əməliyyatlarına çevrilə bilər.
Bəzi mənbələr qeyd edir ki, Qətər də əvvəlcə Qəzzaya polis qüvvələri göndərmək planını nəzərdən keçirsə də, sonradan bu təşəbbüsdən imtina edib. Yüksək rütbəli bir israilli rəsmi etiraf edib ki, Qəzzada təhlükəsizliyi təmin etmək və HƏMAS-ı silahsızlaşdırmaq planını həyata keçirməyə heç bir beynəlxalq qüvvə hazır deyil. Amma “Al Arabiya” telekanalı qeyd edir ki, Tramp hakimiyyəti, bütün bunlara baxmayaraq, Qəzzaya sülhməramlı qüvvələrin yerləşdirilməsidə maraqlıdır və bu plan üzərində fəal iş aparılır. “Axios” nəşri isə yazır ki, ABŞ, İsrailin mövqeyinə baxmayaraq, Türkiyənin Qəzza zolağındakı əməliyyatlarda iştirakına can atır.
Jurnalist Barak Ravid amerikalı rəsmidən sitat gətirir: "Türklər Qəzza razılaşmasının təmin edilməsində çox mühüm rol oynadılar və baş nazir Benyamin Netanyahunun Türkiyəyə hücumları çox əks-məhsuldar oldu". Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk isə qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında atəşkəs rejiminin monitorinqi üçün beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı xarici tərəfdaşlarla təmasları davam etdirir: “Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı həmkarlarımızla təmaslar davam edir. Türkiyə Silahlı Qüvvələri müvafiq dövlət orqanları ilə koordinasiyada hazırlıqları davam etdirir, atəşkəs sazişinin müəlliflərindən biri kimi digər ölkələrlə diplomatik və hərbi məsləhətləşmələri aparır”. Ölkəmizə gəlincə, Azərbaycan hərbçilərinin Qəzza zolağında yerləşdirilməsi üçün bölgədə atəşkəsə riayət olunmalıdır. Ölkəmiz həm də ABŞ-ın istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitləşdirici qüvvələrin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyacın olduğunu bildirir. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. Əks halda heç bir ölkə, o cümlədən Azərbaycan öz hərbçilərini Qəzzaya göndərməyəcək. Digər tərəfdən, HƏMAS üzvlərinin tərksilah olunması sülhməramlı qüvvələrin vəzifəsi deyil. Sülhməramlılar yalnız humanitar yükləri müşayiət və inzibati binaların təhlükəsizliyini təmin edə bilərlər. Amma təəssüf ki, Qəzzadakı durum hələ bu mərhələyə gəlib çıxmayıb.
Samirə SƏFƏROVA