“Azərbaycanda olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Avrasiya Gənc İş Adamları Forumu çərçivəsində buradayıq. Bu forumda 50-yə yaxın müxtəlif ölkədən nümayəndələrin iştirakı nəzərdə tutulur. Sabah tədbirdə 1000-dən artıq iştirakçının olacağı gözlənilir”.
Bunu Yeniazerbaycan.com-a açıqlamasında Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib. O, Azərbaycanda keçirilən Avrasiya Gənc İş Adamları Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edib.
Enes Eminoğlu iki ölkənin gənclər və idman sahəsində sıx əməkdaşlıq etdiyini də vurğulayıb: "Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında bir sıra birgə proqramlar həyata keçirilir. Bu əməkdaşlıq yaxın gələcəkdə daha da genişlənəcək. Gənclərimiz qarşılıqlı səfərlər vasitəsilə bir-birini yaxından tanımaq imkanı qazanıblar.”
Nazir müavini həmçinin dövlət başçılarının rolu və iradəsinin bu münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, eləcə də son illərdə həyata keçirilən birgə təşəbbüslər sayəsində münasibətlərimiz inanılmaz dərəcədə inkişaf edib. Biz də bu əməkdaşlığı daha da irəliyə aparmaq üçün səylərimizi davam etdirəcəyik.”
Sonda Enes Eminoğlu Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını da təbrik edib: “Vətən uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizi dərin hörmət və rəhmətlə yad edirik.”
Aytən Rəhimli
 
                        