AZ

Rus təhlükəsi: Litva Türkiyədən yardım axtarır

Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Avropa ölkələri Rusiyanın mümkün təhdidlərinə qarşı müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Bu istiqamətdə son addımı Litva atıb.

Litvanın Baş naziri İnqa Ruqinienə Türkiyənin Vilnüsdəki səfiri Esra Toplunu qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, müdafiə sənayesi və strateji əməkdaşlıq sahələri müzakirə olunub.

Baş nazir Ruqinienə bildirib ki, Litva ilə Türkiyə arasındakı tərəfdaşlıq bir çox istiqamətdə inkişaf edir, lakin hələ də böyük potensial mövcuddur. “Müdafiə sənayesi əməkdaşlığımızın xüsusilə dəyərli ola biləcəyi sahələrdən biridir,” – deyə o vurğulayıb.

Ruqinienə qeyd edib ki, hazırkı təhlükəsizlik mühitində hibrid təhdidlər daha çox yayılır və bu vəziyyətdə innovativ müdafiə həlləri ilə birgə layihələr xüsusi əhəmiyyət kəsb edir.

“Türkiyənin güclü və inkişaf etmiş müdafiə sənayesi var. Biz bu sahədə Türkiyədən öyrənməyə və təcrübə mübadiləsinə açığıq,” – deyə Litva Baş naziri əlavə edib.

Görüşdə tərəflər həmçinin ticarət, investisiya, yüksək texnologiyalar və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Litva Baş Nazirliyinin məlumatında qeyd olunub ki, Türkiyə Litva üçün ixracat və investisiya sahəsində mühüm tərəfdaş, eyni zamanda regiona açılan strateji qapı ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr