AZ

Xüsusi təyinatlı qəhrəman: Fəxr edirəm ki, Hadrutda Azərbaycan bayrağını ucaltmaq mənə qismət oldu

1982-ci ildə Şəki rayonunda anadan olur...

1988 -/1999-cu illərdə Şəki rayon Çayqaraqoyunlu kənd orta məktəbində təhsil alır...

1999 /2003-cü illırdə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alır...

2003-cü ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların sıralarında xidmət edir...

Müxtəlif illərdə Türkiyə respublikasında keçirilən peşə və ixtisasartırma kurslarında:

Komando kursunu;

Komando ixtisas kursunu; Snayper kursunu;

Girovların təyyarədə, qatarda, avtobusda, yaşayış məntəqəsində azad olunması üzrə kursu (2 dəfə);

Sualtı axtarış və zərərsizləşdirmə kursunu;

İngilis dili kursunu;

Quru Qoşunları Akademiyası (indiki Milli Müdafiə Universiteti) kurslarını müvəffəqiyyətlə bitirir; Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında "Şahin" xüsusi təyinatlı dəstəsinin komandiri vəzifəsinə qədər yüksəlir...

Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə ona vaxtından əvvəl polkovnik rütbəsi verilir...

Vətən müharibəsində rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən, Hadrut qəsəbəsinə ilk daxil olan və Azərbaycan bayrağını ucaldan qəhrəmanlardan biri olan, Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanan və bu barədə heç kimə məlumat vermədən 3 gün yaralı vəziyyətdə döyüşən, təhliyə edildikdən sonra müalicəni yarıda qoyub yenidən döyüş meydanına qayıdan DİN DQ-nin "Şahin" XTD-nin komandiri Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zəfər Yusibov!

Açıklama

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" medalları, "Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Qəhrəmanımız vətən müharibəsi ilə bağlı xatirələrində deyir: "Bir azərbaycanlı olaraq, bir türk olaraq bilirdik bu gün gələcək. Biz bu günü səbrsizliklə gözləyirdik. Keçirilən təlimlərdən də anlayırdıq ki, gözlədiyimiz an üçün hazırlıq gedir. Azərbaycan ordusu, Azərbaycan Xüsusi Təyinatlıları sırf bunun üçün hazırlanırdı. Çünki bilirdik ki, bizi bu gözləyir. 30 ildə düşmənin qurduğu istehkamları yarmaq asan olmayacaqdı. Ancaq o torpaqlar öz sahiblərini gözləyirdi. Həm də bizə diş qıcayanlara gücümüzü göstərməli idik. Ali Baş Komandanın kimlər üçünsə gözlənilməz, bizim üçünsə hər an gözlədiyimiz qərar qəbul etməsi ordumuza və xalqımıza fürsət vermişdi. Düşmən strateji mövqelərdə yerləşmişdi. Müşahidələr apararaq gördüyü hədəfi dərhal vura bilərdi. Amma uzun illər təlimlərdən qazandığımız təcrübələr bizə imkan verirdi ki, həmin müşahidəsindən yayınaq və düşməni gözləmədiyi anda vurub məhv edək. Hadrut uğrunda gedən döyüşlər də çətin oldu. Ora yüksək dağlarla və sıx meşələrlə əhatələnmiş strateji məntəqədir. Rəhbərimiz tərəfindən tapşırıq verildi və Hadruta daxil olduq. Döyüşlər bir neçə gün davam etdi. Hadrutu, ətraf yüksəklikləri, kəndləri azad edərək düşməndən təmizlədik. Fəxr edirəm ki, Hadrutda Azərbaycan bayrağını dalğalandırmaq mənə qismət oldu...

Açıklama

Müharibə dövründə bir amalımız, bir məqsədimiz var idi: Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə endirib, onu onu məhv etmək, torpaqlarımızı işğaldan qurtarmaq, cənab Ali Baş Komandanın etimadını doğrultmaq, qələbə gününü, qələbə müjdəsini anbaan yaxınlaşdırmaq. Belə də oldu. Qarabağ zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Onun qələbə əzmini, milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik dəmir yumruğa çevrilərək düşmənin başını əzdi. Onu kapitulyasıya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı bir səlnamə kimi əbədi həkk olundu".

Açıklama

Qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil. Onu yalnız müharibədə bilmək olur. Və bu müharibə bizə qorxaqları da, xainləri də, qəhrəmanları da tanıtdı. O qəhrəmanlar ki, təpədən dırnağa Vətəndirlər! Zəfər Yusibov da belə qəhrəmanlarımızdandır. O mərd, qorxmaz, cəsur olduğu qədər də təvazökardır. Özünü deyil, ümumilikdə Azərbaycan xalqını qəhrəman adlandırır: "Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan milləti qəhrəman millətdir! Bu danılmazdır. Biz vətəni qarşılıqsız, sevirik. Vətən sevgisi bu deməkdir".

Vətəni qarşılıqsız sevən igidim! Bil ki, səni və sənin kimi qəhrəmanları da bu millət, bu xalq qarşılıqsız sevir və sevəcək! Siz bizim qürur yerimiz, fəxr yerimiz, baş ucalığımızsız! Siz- xalqın oğulları bu vətənin onurğa sütunusuz! Sizin kimi qəhrəmanların çiynində durur bu vətən! Var olun həmişə! Gələcək nəsillərə örnək olan igidlər! Azərbaycanın Zəfər tarixini başdan yazan igidlər!

Sevinc Bəhmənli

Açıklama

Seçilən
19
1
turkustan.az

2Mənbələr