Ermənistanda Koçaryan-Sarkisyan cütlüyünün rəhbərliyi ilə revanşist dairələrin yenidən fəallaşması regionda sabitliyə ciddi təhdid yaradır. Bu qüvvələr keçmişdəki uğursuz siyasətlərini təkrar etməyə çalışır, daxili və xarici mövqelərini gücləndirmək məqsədilə qarşıdurma və gərginliyi artırmaqda maraqlıdırlar. Onların ritorikasında “itirilmiş torpaqlar”, “qisas” və “milli təhlükəsizlik” kimi populist çağırışlar mühüm yer tutur.
Milli Məclisin deputatı Cavanşir Paşazadə İkisahil.TV-yə müsahibəsində Ermənistanda revanşist dairələrin fəaliyyətinin regionda sabitliyə və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə biləcəyinə dair aydınlıq gətirdi.
-Cavanşir müəllim, Ermənistanda Koçaryan-Sarkisyan cütlüyünün başında durduğu revanşist qüvvələrin yenidən fəallaşması regionda sülh prosesinə hansı təhlükələri yaradır? Sizcə, bu qüvvələrin məqsədi nədən ibarətdir?
-Ermənistanda revanşist dairələrin yenidən fəallaşması regionda sülh və stabillik üçün ciddi təhdidlər yaradır. Bu qüvvələr əvvəlki dövrlərdə olduğu kimi, siyasi maraqlarını təmin etmək üçün qarşıdurma və gərginliyi alət kimi istifadə etməyə çalışırlar. Onların əsas məqsədi Ermənistanın siyasətini reallıqdan uzaqlaşdırmaq, Azərbaycanla sülh və əməkdaşlıq prosesini pozmaq, radikal qrupların təsirini gücləndirmək, eyni zamanda, regionda sülhə və iqtisadi əməkdaşlığa mane olaraq sərhəd bölgələrində və azad edilmiş ərazilərdə təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirməkdir. Onların “itirilmiş torpaqların geri alınması”, “erməni kimliyinin müdafiəsi” və “qisas” çağırışları cəmiyyətdə nifrət və qəzəb atmosferini gücləndirir, gənc nəsli yanlış ideologiyalara yönləndirir.
-Sizcə, erməni xalqı üçün real çıxış yolu nədir, revanşist çağırışlara uymaq, yoxsa ölkənin sosial-iqtisadi inkişafına və gələcəyinə fokuslanmaq?
-Hesab edirəm ki, Erməni xalqı üçün real çıxış yolu revanşist çağırışlara deyil, ölkənin gələcək perspektivlərinə yönəlməkdir. Sosial-iqtisadi inkişafı prioritet etmək, təhsili, iş imkanlarını, infrastrukturun modernləşdirilməsini və beynəlxalq əməkdaşlığı gücləndirmək daha dayanıqlı və konstruktiv yoldur. Qısa və uzunmüddətli problemləri həll etmək üçün daxili siyasi sabitliyi təmin etmək və gənc nəsli gələcəyə yönəltmək vacibdir. Əks halda, revanşist ritorika cəmiyyətdə bölücülük və iqtisadi zəiflik yaradaraq ölkənin inkişaf potensialını azaldacaq. Gələcək üçün ən sağlam strategiya münaqişəyə deyil, iqtisadi və sosial rifaha fokuslanmaqdır.
-Hal-hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası necədir?
-İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Böyük Qayıdışa dair I Dövlət Proqramının ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırmışdır.
-Azad edilmiş ərazilərdə memarlıq abidələrinin bərpası və tarixi irsin qorunması istiqamətində hansı konkret addımlar atılır?
-Azad edilmiş ərazilərdə memarlıq abidələrinin bərpası və tarixi irsin qorunması istiqamətində genişmiqyaslı və sistemli işlər aparılır. Əvvəlcə bölgələrdə dağıntıya məruz qalmış və ya məhv edilmiş tarixi və mədəni abidələr inventarlaşdırılır, arxiv sənədləri, fotolar və digər mənbələr əsasında bərpa planları hazırlanır. Bu planlara əsasən məscidlər, kilsələr, qala və qala divarları, qədim yaşayış evləri və digər mədəniyyət obyektləri yenidən tikilir, orijinal memarlıq üslubu qorunur və müasir konservasiya texnologiyalarından istifadə olunur. Eyni zamanda, azad edilmiş bölgələrdə İşğal və Zəfər muzeyləri və tarixi-mədəniyyət mərkəzləri yaradılır, burada abidələr haqqında məlumat verən interaktiv sərgilər və virtual turlar təşkil olunur. Yerli əhali və ziyarətçilər üçün tarixi irsin əhəmiyyəti barədə təbliğat işləri aparılır, bərpa işlərinə tələbə və gənc memarlıq və arxeologiya ixtisaslı könüllülər də cəlb edilir. Bərpa işləri beynəlxalq standartlara uyğun həyata keçirilir.
Göründüyü kimi, azad edilmiş ərazilərdə tarixi irsin qorunması yalnız fiziki bərpa ilə məhdudlaşmır, eyni zamanda mədəni yaddaşın, sosial-identikliyin və gələcək nəsillər üçün təhsil resurslarının qorunmasını təmin edir.
-Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri bərpa və inkişaf prosesinə necə töhfə verir?
-Dövlət başçısının azad edilmiş ərazilərə səfərləri regionun bərpası və inkişafı prosesini sürətləndirir. Bu səfərlər zamanı dövlət başçısı infrastruktur layihələrinin gedişatını yerində yoxlayır, qarşıya qoyulmuş sosial və iqtisadi hədəfləri dəqiqləşdirir, həmçinin yerli sakinlərin və məcburi köçkünlərin problemlərini birbaşa dinləyərək onların həllinə yönəlik təcili tədbirlərin görülməsini təmin edir. Beləliklə, Prezidentin səfərləri həm regionlarda işlərin sürətlənməsinə, həm də sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına konkret töhfə verir. Bu baxımdan Prezidentin səfərləri regionların bərpası və inkişafı üzrə strategiyanın həyata keçirilməsində mühüm rol oynayır.
Gördüyümüz kimi, Qarabağın, Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün əsas prioritetlərdən biridir. Bu ərazilərin yenidən qurulması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait Vətən müharibəsindən sonra daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan azad olunmuş torpaqlarda yalnız öz maliyyə imkanlarına əsaslanaraq genişmiqyaslı işlər həyata keçirir. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının fəaliyyətə başlaması isə Böyük Qayıdış Proqramının daha da sürətlənməsinə şərait yaradır. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 140 min insanın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur. Bu rəqəmlər Azərbaycanın güclənən iqtisadi potensialının bariz göstəricisidir. Otuz ilə yaxın davam etmiş işğal dövründə dağıdılmış şəhər və kəndlər, talan edilmiş infrastruktur və məhv edilmiş maddi-mədəni irs indi bərpa olunur, bu torpaqlara həyat yenidən qayıdır. Azərbaycanın dövlət başçısı bu prosesi təkcə fiziki məskunlaşma deyil, həm də ədalətin, hüququn və tarixi həqiqətin bərpası kimi qiymətləndirir. Dövlət bütün resurslarını səfərbər edərək azad edilmiş ərazilərdə müasir şəhərsalma konsepsiyaları əsasında "ağıllı kənd" və "ağıllı şəhər" layihələrini gerçəkləşdirir. Qısa müddətdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri - yollar, məktəblər, xəstəxanalar, enerji sistemləri - vətəndaşların təhlükəsiz və ləyaqətli yaşayışını təmin etməyə yönəlib. Bu proses təkcə Azərbaycan deyil, bütün region üçün sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın nümunəsinə çevrilməkdədir. Dövlət başçısının tapşırığı və rəhbərliyi ilə məcburi köçkün ailələrinin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə həyata keçirilir.
-Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və iqtisadi reinteqrasiya işləri regionun sosial-iqtisadi inkişafına və Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir göstərir?
-İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri ilə yanaşı, iqtisadi reinteqrasiyanın sürətləndirilməsi də dövlətin prioritet hədəflərindən biridir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bu istiqamətdə atılan mühüm addımlardandır. Burada sahibkarlar üçün yaradılan vergi və gömrük güzəştləri, sosial sığorta subsidiyaları və kommunal xərclərə maliyyə dəstəyi bölgədə sahibkarlığın inkişafını stimullaşdırır və investisiya mühitini daha da cəlbedici edir. Bu tədbirlər azad olunmuş ərazilərin iqtisadi canlanmasına ciddi təkan verir. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin əsas istiqamətlərindən biri də sahibkarlığın və turizmin inkişafıdır. Bu məqsədlə sahibkarlar üçün maliyyə əlçatanlığı artırılır, güzəştli kreditlər təqdim olunur. Regionun zəngin turizm potensialını nəzərə alaraq, infrastrukturun yenidən qurulması və müasir xidmət sahələrinin yaradılması prioritet məsələlərdəndir. Hazırda bölgədə müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli şərait mövcuddur. Şuşa, Xankəndi, Zəngilan və Ağdamda artıq bir neçə hotel və konqres mərkəzi istifadəyə verilib. Paralel olaraq, rayonlarda İşğal və Zəfər muzeyləri komplekslərinin layihələndirilməsi aparılır ki, bu da həm turizmin, həm də milli yaddaşın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının böyük qurucu xalq olduğunu açıq şəkildə göstərir. Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, insanların doğma yurdlarına geri dönüşü və keçmiş məcburi köçkünlər üçün daha yaxşı həyat şəraitinin təmin olunması dövrünü yaşayırıq. Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə regional inkişafın deyil, həm də milli birliyin və dövlətimizin gələcək uğurlarının təməlidir. Bu proses ölkəmizin dayanıqlı inkişaf strategiyasını gücləndirir və regionun sülh və sabitlik məkanına çevrilməsinə şərait yaradır. Gələcəkdə bu ərazilərin iqtisadi potensialı və mədəni zənginliyi Bu ərazilərin bərpası Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək və ölkəmizi daha möhkəm, dayanıqlı gücə çevirəcək.
Şəmsiyyə Əliqızı, “İki sahil”