AZ

Əsas hədəf yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır

Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bildirmişdir ki, vacib vəzifələrdən biri texnoloji inkişafımızdır

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları fonunda imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas hədəfdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Sənəddə də qeyd edildiyi kimi, son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artıb. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Bu prioritetin uğurla reallaşdırılması isə üç məqsədə nail olunmağa çağırış edir: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.

Ölkəmizdə təhsilin inkişafı, dövrün çağırışlarına uyğun olaraq təkmilləşməsi, yeniləşməsi əsasdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə söykənir. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılır. Bütün dövrlər üçün bu çağırış öndə dayanır ki, cəmiyyətin inkişafının təminatçısı olan təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. “Təhsil hər bir dövlətin gələcəyidir” söyləyən cənab İlham Əliyev bildirir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.

Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı»nın icra müddəti 2028-ci ilədək uzadıldı. Bu, nəzərdə tutulan müddət ərzində Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına şərait yaratdı. Cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Dövlət Proqramında növbəti dəyişiklik say ilə əlaqədar oldu. Əgər indiyə qədər Dövlət Proqramı çərçivəsində 400 nəfərədək gəncin təhsili nəzərdə tutulurdusa, bu say 100 nəfər də artırılıb. Bundan sonra 500 nəfər Azərbaycan gənci xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsilin bütün səviyyələrində təhsil ala biləcəklər.

Azərbaycan hər zaman dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Hazırda ölkəmiz inkişafın yeni mərhələsini yaşayr. Torpaqlarımızın işğaldan azad edilməsi və bərpa-quruculuq işləri ilə bağlı görüləcək işlər yeni Dövlət proqramlarının qəbulunu, həmin sənədlərdə müasir dövrün tələblərini özündə əks etdirən müddəaların yer almasını bir zərurət kimi qarşıya qoydu. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Milli Priortietlər sahibinə qovuşmuş ərazilərimizin malik olduqları potensialdan daha səmərəli istifadə etməyə geniş imkanlar yaradacaq. Əsas hədəflərdən biri bu torpaqları böyük investisiyalar məkanına çevirmək, Azərbaycanı dayanıqlı inkişafına davamlı töhfələr verməkdir.

Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam da yer alır ki, kadr hazırlığı ölkənin iqtisadi inkişafına uyğun olmalıdır. Təbii ki, bu hədəf təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasını stimullaşdırır. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamlar ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoydu. Dövlət başçısının “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycanın bütün sahələrdə, o cümlədən idarəçilik sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün yeni texnologiyaların inkişafı və tətbiqi əsasdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrini, bunun davamı olaraq hazırda azad edilmiş şəhərlərimizin və kəndlərimizin bərpa olunduğu “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini qeyd edə bilərik. Reallıq budur ki, hazırda Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi hər kəsi sevindirir. “ASAN xidmət”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə dünyanın diqqətindədir. Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini də aktuallaşdırır. Kadr islahatların aparılması, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində dövlətin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Milli Prioritetlərdə əksini tapan əsas hədəflərə və onların icra mexanizmlərinə diqqət yetirmək kifayətdir.Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur.

 Son illərdə ölkəmizdə təhsilin, elmin, yeni texnologiyaların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da uğurla davam etdirilmiş, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və Dövlət proqramları reallaşdırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları təmin edilmişdir.

Bu fikir daim önə çəkilir ki, bir dövlətin gələcək inkişafını uğurlu təmin etməsində onun bilikli, savadlı, vətənpərvər gəncliyə sahib olması önəmli məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarının, atdığı addımların, imzaladığı Fərman və sərəncamların mahiyyətində də məhz bu məsələ dayanır. Cənab İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək bunu davamlı addımları ilə reallığa çevirdi. «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı»nda da əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramının əsas istiqamətləri bunlardır: prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi; prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi; Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi; xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi; Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması. Gənclərin xarici ölkələrdə təhsili ilə paralel olaraq növbəti bir təşəbbüs də irəli sürüldü. Aparıcı xarici ali təhsil ocaqlarının Azərbaycanda filiallarının yaradılması məsələsi gündəlikdə oldu.

Göründüyü kimi, bütün hallarda əsas məqsəd təhsilin keyfiyyətinin artırılması, gənclərin elmi biliklərə dərindən yiyələnmələridir. Azərbaycanın hər bir yeniliyə, təkmilləşməyə önəm verməsi, yeni təcrübələrin tətbiqinə çağırışları beynəlxalq səviyyədə də təqdir edilir. Ölkəmizlə bağlı hesabatlarda ölkə iqtisadiyyatının rəqabətədavamlılığı xüsusi qeyd olunur. 2030-cu ilədək olan dövrü əhatə edən Milli Prioritetlərin uğurlu icrası daha yüksək nəticələrə yol açacaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan müasir çağırışları özündə əks etdirən bərpa-quruculuqdan sonra dünyanın diqqətində olacaq. Hazırda bu torpaqlarımız şəhərsalmanın müasir təcrübəsini təqdim edir ki, bu da ölkəmizin kadr hazırlığına, yüksək təhsilə, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə verdiyi önəmin nəticəsidir.

Dayanıqlı inkişafın prioritetliyini nəzərə alsaq təhsilin, iqtisadiyyatın və yeni texnologiyaların vəhdətinin nə qədər vacib olduğu özünü aydın şəkildə nümayiş etdirir. Hazırda məktəblərin kompyuterləşdirilməsinə, həmçinin gənclərin nəzəri biliklərinin artırılması ilə yanaşı, tətbiq sahəsində bacarıqlarının genişlənirilməsinə göstərilən diqqət göz qabağındadır. Milli Prioritetlərdə də vurğulandığı kimi, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.

Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır. Azərbaycanda təhsilin bütün pillələri üzrə təkmilləşməyə xüsusi diqqət yetirilir. Ölkəmizin bir sıra ali təhsil ocaqlarının reytinq cədvəlində ilk yerlərdə dayanması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Tələbə mübadiləsi həm təhsilin, həm də ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcək. Bu baxımdan belə bir çağırış önə çəkilir ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Yeni dövrdə qurulacaq ekosistem iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır.

Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bildirmişdir ki, vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir: “Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Deyə bilərəm ki, bu istiqamətdə son 1-2 il ərzində böyük inkişaf mövcuddur, bəlkə də ictimaiyyət o qədər də məlumatlı deyil. Ancaq kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik.”

Azərbaycanın hər bir sahədə qazandığı uğurları, təcrübəsi təqdir edilir. Bildirilir ki, Azərbaycan artıq rəqəmsal transformasiya yolunda əhəmiyyətli addımlar atmaqdadır. “Yeni nəsil iqtisadiyyatı” üzrə qlobal strateq, “Our Moment” kitabının müəllifi, hökumətlərə, təşkilatlara məlumatları, süni intellekti və innovasiyaları gələcəyin əmək, təhsil və cəmiyyət modellərinə çevirməyə kömək edən Maykl Klark vurğulayıb ki, yeni iqtisadiyyatın təməlini texnoloji tərəqqi, sosial inkişaf, ekoloji rifah arasında tarazlıq yaradan dayanıqlı və adaptiv artım təşkil etməlidir. Bu prinsiplər ümumi mənzərənin yalnız bir hissəsidir. Yeni iqtisadiyyat çoxsaylı qarşılıqlı, əlaqəli səviyyə və istiqamətləri özündə birləşdirir. Əsas odur ki, Azərbaycanın artıq bu transformasiyanın liderinə çevrilməsi üçün bütün zəruri şərtləri mövcuddur – gənc və iddialı əhali, inkişaf edən rəqəmsal mədəniyyət və öz iqtisadi gələcəyini sıfırdan dizayn etmək imkanı. O da qeyd edilir ki, Azərbaycanın gənc nəsli artıq rəqəmsal düşüncə tərzinə malikdir. Azərbaycan artıq rəqəmsal islahatların həyata keçirilməsində mühüm uğurlar əldə edib. Ölkə öz unikal coğrafi mövqeyi, mədəniyyəti və sabitliyi sayəsində regionda innovasiyalar mərkəzinə çevrilmək üçün əlverişli vəziyyətdədir. Bir çox inkişaf etməkdə olan bazarlar göstərib ki, ölkəni innovasiyalar və rəqəmsal baxış mərkəzinə çevirmək milli artımı sürətləndirə, istedadları cəlb edə və qlobal standartların formalaşmasına töhfə verə bilər. Azərbaycan da təkcə texnologiyaları deyil, həm də “yeni nəsil iqtisadiyyatı” müəyyən edən idarəetmə modellərini və çərçivə yanaşmalarını ixrac etməklə eyni yolu seçə bilər. Müasir dünyada təhlükəsiz və etibarlı məlumat mübadiləsi hər bir tərəfdaşlığın əsasıdır. Məlumatların ölkələr arasında təhlükəsiz, etik və səmərəli şəkildə ötürülməsi üçün beynəlxalq əməkdaşlıq həlledici olacaq. Azərbaycan idarəetmə, təhsil və süni intellekt etikası sahəsində yüksək standartlar müəyyən etməklə lider rolunu oynaya və bu müzakirələri beynəlxalq səviyyədə inkişaf etdirə bilər.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr