ABŞ-nin regionda artan rolu fonunda bu formatın dirçəldilməsi real görünmür
“Sadəcə, erməni tərəfi çalışır ki, Azərbaycanla yaxınlaşma siyasəti aparsın”
"İrəvan və Bakı "3+3" formatının növbəti görüşünün yeri ilə bağlı razılığa gəliblər". Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Nazirin sözlərinə görə, "3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək: "Biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik. "3+3" formatı qonşu ölkələrlə münasibətlərin inkişafı kontekstində Ermənistan üçün vacibdir".
Xatırladaq ki, əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Cənubi Qafqazda iqtisadi əməkdaşlığı nəzərdə tutan "3+3" formatı, yəni Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstanın birgə platforması yenidən gündəmə gətirilir. Ekspert vurğulayıb ki, hərçənd bu ideya regionda müəyyən dövrdə aktuallıq qazansa da, hazırkı şəraitdə onun reallaşması mümkün görünmür:

"Əgər 2020-ci ildə regiondakı vəziyyət fərqli idisə, bu gün Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşıb. O dövrdə Rusiya bölgədə əsas oyunçu idi və üçtərəfli bəyannamə (10 noyabr 2020) hələ də qüvvədə idi. ABŞ isə region proseslərində passiv rol oynayırdı. Lakin bu ilin 8 avqustunda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin (TRİİP marşrutu) açılması və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Bu razılaşma ilə ABŞ bölgədə həm siyasi, həm də iqtisadi təsir imkanlarını artırmağa nail olub".
Analitik qeyd edib ki, Gürcüstan Rusiyanın iştirakına etiraz olaraq "3+3" formatına qoşulmaqdan imtina edib:
"Hazırkı şəraitdə isə ABŞ nə Rusiya, nə də İranın bu platforma çərçivəsində Cənubi Qafqazda fəallaşmasına müsbət baxacaq. ABŞ-nin Zəngəzur dəhlizi üzərində təsir imkanlarını artırması, onun regionda yeni iqtisadi və nəqliyyat xəttini idarəetməyə başlaması deməkdir. Bu isə Rusiya və İranın Cənubi Qafqazdakı strateji mövqelərinin zəiflədilməsinə yönəlib. Demək olar ki, "3+3" formatı öz funksionallığını itirib. ABŞ-nin regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür. Sadəcə, erməni tərəfi çalışır ki, Azərbaycanla yaxınlaşma siyasəti aparsın".