Türkiyədə hər gün təxminən 12 milyon, ildə isə 4,3 milyard ədəd çörək tullantıya çevrilir. Əsas qida məhsulu olan çörəyin israfını azaltmaq üçün hərəkətə keçən Türkiyənin "AVB Biyoteknoloji" şirkəti, yeni "elektron örtük" texnologiyası ilə çörəyin kiflənməsinin qarşısını alıb.
Milli.Az xəbər verir ki, adi otaq temperaturunda sınaqdan keçirilən çörək, 100 gün keçməsinə baxmayaraq nə rəngini, nə də qoxusunu dəyişib. Şirkətin rəhbəri, texnologiyanın 6 ay, hətta 1 ilədək qoruma təmin edə biləcəyini bildirib.
"AVB Biyoteknoloji"nin baş direktoru Serkan Tunç, Türkiyədə çörək israfının ciddi səviyyədə olduğunu bildirib:
"Bir gündə 12 milyon, ildə 4,3 milyard çörək tullantıya gedir. İsrafın cəmi 5 faiz azalması belə milyardlarla lirə qənaət deməkdir."
Tunç bildirib ki, iki saatlıq elektron örtük prosesi nəticəsində çörək otaq temperaturu, rütubət və işıq altında belə 100 gün ərzində kiflənməyib.
"Bu müddət ərzində çörəyin nə rəngi, nə də qoxusu dəyişib. Testlər davam edir. Ehtimal var ki, bu müddət 6 ay, hətta 1 ilə qədər uzansın."
Şirkət bu texnologiyanı yalnız çörəkdə deyil, bütün qida məhsullarında israfı azaltmaq üçün tətbiq etməyi planlaşdırır. Tunç əlavə edib ki, bu texnologiyaya maraq göstərən böyük hazır qida şirkətləri ilə danışıqlar aparılır.
Tunç qeyd edib ki, hazırda bazardakı tost çörəklərinin raf ömrü otaq temperaturuna və rütubətə görə 7 gün civarındadır.
"Qablama açıldıqdan sonra hava və nəmlə təmas başlandığı üçün çörək 3-4 gün ərzində kiflənir. Açıqda saxlanılan bir dilim tost çörəyi isə adətən 24-48 saat ərzində kif ləkələri göstərir."
O, bildirib ki, elektron örtük, orqanizmlərin çoxalmasına və oksidləşməyə səbəb olan kimyəvi reaksiyaları dayandıraraq, məhsulun təbii şəkildə qorunmasını təmin edir.
Tunç, şirkətin başqa bir layihəsi barədə də məlumat verib. Onların hazırladığı yeni sistem oksigen və hidrogen ionlarını atmosferdə birləşdirərək su molekulu yaradır.
"Biz həm dəniz suyundan, həm də havadakı nəmdən oksigen və hidrogen alaraq su istehsal edə bilirik. Bu, təbiətdəki su dövranının texnoloji surətidir," - deyə Tunç bildirib.
Laboratoriya şəraitində 100 kubsantimetr su istehsal edilib. Tunçun sözlərinə görə, bu üsulla bir ton, hətta yüz min ton suyu saniyələr içində yaratmaq mümkündür, çünki oksigen və hidrogen bir saniyənin milyonda birində birləşir.
"Bu texnologiya ilə, əslində, sərhədsiz su mənbəyi əldə etmək mümkündür," - deyə o, əlavə edib.
Tunç izah edib ki, hər bir maddənin səthindəki atomlar istiliyə görə elektron itirir və bu, bozulma prosesini sürətləndirir. Soyuqda isə elektron itkisi azalır, məhsul daha gec xarab olur.
"Elektron örtük texnologiyası ilə biz bu itkini daimi şəkildə bərpa edirik. Bu, kimyəvi reaksiyaları və mikroorqanizmlərin çoxalmasını dayandırır. Güclü elektron şüalanması sporların strukturunu pozaraq kiflənmə və çürümənin qarşısını alır," - deyə o, bildirib.
Lalə Qüdrətova
Milli.Az