AZ

“İcra başçıları özlərini toxunulmaz sayırlar” Novella Cəfəroğlu

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Novella Cəfəroğlu: “Xaricdə təhsil alan hər kəs yüksək vəzifəyə layiq deyil”

“Hər iki ildən bir bütün icra hakimiyyətləri yoxlanmalıdır” 

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmət (DTX) Balakən rayonunda əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb. 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən İslam Rzayev saxlanılması dəmir barmaqlıqlar arxasına düşən icra başçılarının sayını bir nəfər də artırıb. Xatırladaq ki, İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 10-a yüksəlib. Bunun ardınca yeni əməliyyatların da ola biləcəyi istisna edilmir. Son hadisələr göstərir ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar üçün "toxunulmazlıq" dövrü başa çatır. Prezidentin dəfələrlə vurğuladığı kimi, dövlətin siyasəti şəffaf idarəçiliyin təmininə, vətəndaşlara xidmət prinsipinin möhkəmləndirilməsinə yönəlib. Artıq bir çox rayon rəhbərləri ciddi narahatlıq içindədir. Ekspertlərə görə, ölkədə icra hakimiyyəti sistemi ləğv olunmalı və yerli özünü idarəetmə sisteminə keçilməlidir. Bir neçə ildir ki, icra başçıları həbs edilir. Amma, müsbətə doğru dəyişən proses baş vermir. Həbslərlə bağlı "Şərq"in suallarını cavablayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, icra başçıları özlərini hələ də "toxunulmaz" hiss edirlər..

 - Novella xanım, Baləkənin icra başçısı da həbs olundu. O, mənimsəmədə, qanunsuz əməllərdə ittiham olunur. Bu, DTX tərəfindən həbs edilən 4-cü icra başçısıdır. Niyə bu həbslər digər başçılara dərs, ibrət olmur? 

 - İcra hakimiyyətləri başçılarının hamısını da olmasa, çoxunu vəzifəsindən azad etmək, dəyişmək lazımdır. Çünki əksər başçılar vəzifədə o qədər qalıblar ki, özlərini toxunulmaz sayırlar. Nə qədər çox qazandıqca, var-dövlət topladıqca, o qədər çox özlərindən çıxırlar, nədənsə qorxuları qalmır. DTX əməliyyatları onları yuxudan oyadır. Mən bu cür şəxslərə qarşı əməliyyatları alqışlayıram. Hesab edirəm ki, bütün icra hakimiyyətlərində yoxlama getməlidir. Bütün icra başçıları bilməlidirlər ki, hamısı dövlətin ciddi nəzarəti altındadır. Məncə, 2 ildən bir icra hakimiyyətlərinin başçılarının işini yoxlamaq lazımdır. Sovet vaxtı "komitet narodnovo kontrolya" deyilən dövlət qurumu var idi. İndi də qurumlara nəzarət edən ayrıca belə idarə olmalıdır. Ümumiyyətlə postsovet dövlətlərinin millətləri müstəqillikdən sonra bəzi sahələri nəzarətsiz buraxdılar. Sovet vaxtında da korrupsiya var idi, amma indiki qədər deyildi. Çünki "narodnovo kontrolya" məmurları təqsirsizlik eyforiyasına qapılmağa qoymurdu. İcra hakimiyyətlərinin başçılarını mütəmadi sorğu-sual etmək lazımdır ki, vəzifəyə təyin olunandan sonra hansı işləri görüblər, necə görüblər. Axı onlara böyük səlahiyyətlər, geniş ərazi verilir, maliyyə ayrılır. Rayonlarda təəssüf doğuran məsələlərdən biri də icra başçılarının yerli sakinlərə münasibətinin aşağı olmasıdır. Rayonlarda qazilərə, şəhid ailələrinə, kasıb insanlara qayğı hansı səviyyədədir? Biz işimizə görə rayonlara tez-tez gedirik və qənaətbəxş olmayan vəziyyəti, insanların narazılıqlarını yerində görürük. 

 - Məsələ ondadır ki, gənc kadrların yaşlı sələflərini əvəzləməsi də vəziyyəti düzəltmədi. Hətta gənc başçılardan biri vəzifəyə başlamasından bir il ötməmiş rəhbərlikdən şiddətli töhmət aldı..

 - Mən düşünmürəm ki, yaşlı kadrları cavanlarla əvəzləmək problemləri düzəldəcək. Hansısa təcrübəli, bacarıqlı, peşəkar kadr yaş etibarı ilə gənc də ola bilər, yaşlı da ola bilər. Yəni əsas yaş yox, başdı, ağıldı. Bir insanın ağlı, savadı yerindədirsə, işi bilirsə, vicdanı varsa, haqq-ədalətlidirsə, hansı yaşda olursa-olsun, o lazımlı kadrdır. Fikrimcə, icra başçıları idarəetmə ilə yanaşı, iqtisadiyyatı da yaxşı bilməlidir. İcra başçısı təyin olunduğu rayonun xüsusiyyətini bilməli, insanlarını tanımalıdır. Ən əsası isə icra başçıları psixologiyanı yaxşı bilməlidir. İndi dəb yayılıb, gənclər deyirlər ki, "Kembrici bitirdim, Harvardı qutardım, sertifikat aldım" və s. Həqiqətən, onlar xaricdə düzgün idarəetməni, iqtisadiyyatı, insan haqqlarını, vətəndaşlarla davranış qaydalarını öyrənib ölkəmizə qayıdırsa, vəzifəyə də onları təyin etsinlər. Təkcə icra başçısı yox, lap nazir qoysunlar. Amma işi bilən insanlar olsunlar. Ucdantutma xaricdə təhsil alanlara yetərli bacarığı olmadığı halda yüksək vəzifələr də vermək olmaz. Azərbaycanda yüksək təhsil almış çox bacarıqlı, peşəkar kadrlarımız var. Onları irəli çəkmək lazımdır. Ölkəmizdə kadr çatışmazlığı problemi yoxdur. Bu gün yaxşı işləyən nazirlərimiz, nümunəvi məmurlarımız hərəsi bir rayondan gəlib. Aralarında qarabağlı, irəvanlı, bakılı, gəncəli var. İşləməyi bacarırsa, öz vəzifəsinin öhdəsindən gəlirsə, haralı olmasının heç bir fərqi yoxdur. 

 - İcra başçıları təyin olunduqları rayonun tanınmış sakinləri arasından seçilərsə, yerlərdə indiki kimi problemlər olarmı? Adətən, deyirlər ki, başçılar bölgəni tanımır..

 - Bunun da çıxış yolu olduğunu zənn etmirəm. Hansı rayondan gəlir-gəlsin, insan olsun. Mənim atam Ucar rayonunda "raykom" katibi işləyib. Ucar camaatı atamın başına and içirdilər, çox sevirdilər. Atamı Naxçıvandan Ucara göndərmişdilər. Hər şey insanın öz xüsusiyyətindən, xarakterindən, düşüncəsindən, şəxsi keyfiyyətindən asılıdır. İcra başçısı camaata hansı üz göstərirsə, onlarla necə davranırsa, rayon adamları da başçıya o cür münasibət göstərir. Yaxşı adam hər yerdə yaxşı işləyir. 

 - Türkiyə bələdiyyə modelini bizdə tətbiq etmək mümkündürmü? Sizcə, effektli olarmı? 

 - Əgər bunu etməyi bacarsaq, daha çox udarıq. Türkiyədə bələdiyyələrin fəaliyyətini yaxından izləmişik. O qədər çox səlahiyyətləri var ki, hamısının da öhdəsindən gəlirlər. Özlərinin xəstəxanaları, idarələri, avtobus xəttləri, hər şeyləri var. Həm də bələdiyyə sədrlərini millət özü seçir. Seçilmiş sədrlər bütün imkanlarını şəhər üçün, rayon üçün səfərbər edirlər. Amma bizdəki bələdiyyə seçkiləri kimi yox, normal seçkilərdən söhbət gedir. 

 - Hesab edirsiz ki, rayonda bələdiyyə olsa, icra hakimiyyətlərinə də ehtiyac olmaz. Eləmi? 

 - Əlbəttə, işləyən seçilmiş bələdiyyə olsa, icra hakimiyyətləri nəyə lazımdır? Hər rayon üzrə Türkiyədəki kimi Prezident tərəfindən təyin edilmiş valilər ola bilər, administrativ işlər görərlər. Azərbaycanda dəyişiklik etmək lazımdır. İsraildə oluruq, baş verənləri görürük. İsraildə hər bir insana xüsusi münasibət var. Bütün bürokratlar, sadə vətəndaşlar Vətən qarşısında borcunu, öhdəliyini, vəzifələrini çox gözəl bilirlər. Dövlətin maliyyəsini oğurlamırlar, bir-birinə normal münasibət göstərirlər. İsraildə də merlər seçki yolu ilə seçilir. İnanın, şəhərin inkişafı üçün canlarını qoyurlar. Bir balaca torpaqda nələr yaradıblar. Bizimkilər də nümunə götürsünlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sherg.az

3Mənbələr