AZ

Leyla Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə böyük sevgi qazanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xeyirxahlıq missiyası milli-mənəvi dəyərlərə hörmət və humanizm prinsiplərinə əsaslanır. O, bu missiyanı ailəsindən miras aldığı zəngin mənəvi dəyərlər əsasında davam etdirir və cəmiyyətin bir çox sahələrinə əvəzsiz töhfələr verir. Leyla xanımın tez-tez üz tutduğu əsas ünvanlar psixonevroloji sosial xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi internat məktəbi, uşaq evləri, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Talassemiya, Daun mərkəzləri və digər müəssisələrdir. Leyla Əliyeva hər ziyarəti, hər gedişi ilə həmin ünvanlardakı uşaqlara bir dünya sevinc bəxş edir. Onların tezliklə sağalmaları üçün əlindən gələni əsirgəmir. 

Üz tutduğu, ziyarət etdiyi ünvanlardan da göründüyü kimi, Leyla Əliyevanın ən başlıca və əsas fəaliyyəti cəmiyyət həyatının köməyə ehtiyacı olan istiqamətlərini əhatə edir. Ən ümdəsi isə, ali və müqəddəs ideallara, məqsədlərə söykənir. "İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik" - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya aid olan bu dəyərli fikirlər həm də onun fəaliyyətinin əsasını, həyatının mənasını və bir növ görəcəyi işlərin proqramını ifadə edir. Leyla xanımın böyük ictimai məzmun daşıyan fəaliyyətinin miqyası, əhatə dairəsi bütün bunlarla məhdudlaşmır, kifayət qədər genişdir və zəngindir. 

Xüsusi olaraq qeyd edilməlidir ki, Leyla Əliyevanın hərtərəfli fəaliyyəti, gördüyü işlər, reallaşdırdığı irimiqyaslı layihələr cəmiyyətin sosial sifarişini əhatə edir, necə deyərlər, insanların istəyindən, arzusundan xəbər verir. Elə buna görə də görülən bütün xeyriyyə işləri insanların ürəyinə, qəlbinə yaxın və doğmadır. Hər işində, hər addımında milli-mənəvi dəyərlərimizə hörmət duyulur. Həm yaşlı, həm də gənc nəslə qayğı göstərir, onların diqqətdə saxlanmasını təmin edir. 

O, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi insanpərvərlik və humanizm missiyasını uğurla həyata keçirir. Bu keyfiyyətlər onun şəxsi fəaliyyətində də öz əksini tapır. Daim gənc nəsli dəstəkləyir və onların inkişafına töhfə verir, fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradır.

Azərbaycanda xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı böyük layihələrin həyata keçirilməsi, ilk növbədə, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın adı ilə sıx bağlıdır. Leyla xanım tez-tez sərgilərə də, muzeylərə də gedir, mədəniyyət layihələrinin təqdimat mərasimlərində və başqa mühüm tədbirlərdə iştirak edir. Bu günlərdə İçərişəhərdəki "Q Gallery"də "Əcdadlar" sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin paytaxtında keçirilən "Art Weekend"ə daxil edilən ekspozisiyalardan ibarətdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan sənətinin müasir nümayəndələri - Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə, çatdırmağa çalışır.

Heydər Əliyev Fondunun xeyirxahlıq missiyası sərhəd tanımır. Həyatımızın, cəmiyyətimizin bütün sahələrini əhatə edir. Başqa sahələrlə yanaşı, təhsil ocaqlarının daha səmərəli fəaliyyəti üçün də müvafiq yardımlar göstərilir. Xalqımız bu günlərdə fondun daha bir xeyriyyəçilik missiyasına şahidlik etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihənin həyata keçirilməsində əsas məqsəd musiqi məktəblərinin inkişafına, gənc istedadların keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə təkan vermək, əlvertişli şərait yaratmaqdır.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri ziyarətçilər üçün nümayiş etdirilib. Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri də var. 

Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi bu missiyanı insanlar ürəkdən alqışlayırlar. Çünki bu tədbirlər həm də mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərmək deməkdir. Belə xeyirxah addımlar gənc istedadların inkişafına, ortaya çıxmasına da böyük imkanlar yaradır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihənin yalnız paytaxtda deyil, regionlardakı musiqi məktəblərində də təhsilin inkişafına dəstək baxımından çox əhəmiyyətli olduğu xüsusilə qeyd edilməlidir. 

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Böyük marağa səbəb olan turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb. Maraqlı anlarla yadda qalan turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da izləyiblər.

Turnirin unudulmaz anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar. İki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla mükafatlandırılıblar. 

Bu günlərdə Leyla Əliyeva Qəbələ rayonunda "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin də qonağı olub. Görüş zamanı Leyla xanım ailə üzvləri ilə mehribancasına söhbət edib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını xoş sözlərlə ifadə ediblər.

Bütün bunlar onu göstərir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cəmiyyət həyatının bütün sahələrinə diqqət və qayğı ilə yanaşır. 

Leyla Əliyeva Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində "Hirkan" sənədli filminin təqdimat mərasimində də iştirak edib. Film IDEA İctimai Birliyinin "Azərbaycanın 12 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir. Böyük tamaşaçı sevgisi qazanan film Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub. "Hirkan" sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə əks etdirir. 

Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.  "Azərbaycanın 12 möcüzəsi" adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələrin uğurla həyata keçirilməsi davam edir. Leyla xanımın milli-mənəvi dəyərlərimizə əsaslanan çoxşaxəli xeyriyyəçilik fəaliyyəti həmişə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, Azərbaycan xalqının sevgi və məhəbbətini qazanır. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
63
azerbaijan-news.az

1Mənbələr