AZ

Regional sənayenin inkişafında Sabirabad təcrübəsi

Azərbaycanda  sənayenin inkişafı ölkənin iqtisadi yüksəlişinin əsas istiqamətlərindən biridir. Müstəqillikdən sonra həyata keçirilən iqtisadi islahatlar, dövlət proqramları və regional inkişaf strategiyaları nəticəsində sənaye sektoru paytaxtla yanaşı bölgələrdə də sürətlə genişlənməyə başlayıb. 

Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sənayesinin inkişaf etdirilməsi, yeni sənaye parklarının və məhəllələrinin yaradılması regionlarda məşğulluğun artmasına, infrastrukturun yaxşılaşmasına və yerli istehsal potensialının güclənməsinə səbəb olub. Bu da bölgələrdə milli iqtisadiyyatın şaxələndirilməsinə və sosial rifahın yüksəldilməsinə mühüm töhfə verir. Son illər regional inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində ölkənin bir çox bölgəsində sənaye müəssisələri fəaliyyətə başlayıb, yerli xammalın emalı və istehsal sahələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Hazırda Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Sabirabad və digər bölgələrdə müasir standartlara cavab verən müəssisələr fəaliyyət göstərir. 

Sənayeləşmə prosesinin genişlənməsi regionların sosial-iqtisadi inkişafına mühüm təkan verir. Yeni sənaye müəssisələrinin yaradılması nəticəsində bölgələrdə əlavə iş yerləri açılır, yerli əhalinin məşğulluq səviyyəsi artır, infrastruktur yenilənir və sosial rifah yüksəlir. Dövlətin həyata keçirdiyi iqtisadi siyasət çərçivəsində sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, investisiya təşviqi və ixracın dəstəklənməsi kimi mühüm mexanizmlər tətbiq olunur. Həyata keçirilən layihələr ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edərək qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bölgələrdə istehsal olunan məhsullar təkcə daxili bazarda deyil, həm də xarici bazarlarda rəqabət qabiliyyəti əldə edir. 

Bu baxımdan  Sabirabadda yaradılan sənaye müəssisələri regionun iqtisadi inkişafını sürətləndirir. Rayonda fəaliyyət göstərən müəssisələr kənd təsərrüfatı məhsullarının emalı, kimya sənayesi, toxumçuluq və pambıq emalı kimi istiqamətlərdə ixtisaslaşaraq həm yerli istehsalın həcmini artırır, həm də bölgənin ixrac potensialını gücləndirir. Sənaye müəssisələrinin çoxu Sabirabad Sənaye Məhəlləsində cəmləşib və burada tətbiq olunan müasir texnologiyalar məhsulun keyfiyyətinin yüksəldilməsinə, istehsalın səmərəliliyinin artırılmasına imkan yaradır. Məlumat üçün bildirək ki, bu məhəllənin yaradılmasında əsas məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik, orta sahibkarlar üçün əlverişli şəraitin təmin edilməsi, eləcə də əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Məhəllə Prezidentin 2017-ci il tarixdə imzaladığı sərəncamla təsis olunmuşdur və ümumi sahəsi 20,3 hektardır. Burada sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri infrastruktur təmin edilib. Hazırda sənaye məhəlləsində 8 rezident qeydiyyatdan keçərək fəaliyyət göstərir və ümumilikdə 100-dən çox yeni iş yeri yaradılıb. Rezidentlərin məhəlləyə yatırdığı investisiyanın ümumi həcmi 10 milyon manatdan çoxdur.

Burada əldə olunan uğurlar  oktyabrın 28-də Prezident İlham Əliyevin Sabirabad rayonuna səfəri zamanı daha aydın şəkildə ortaya çıxdı.  Dövlət başçısı "Humix" aqrokimya məhsulları istehsalı müəssisəsi, "Azera Toxumçuluq" MMC-yə məxsus toxum istehsalı müəssisəsi və "Taşobası" pambıq emalı zavodunun  fəaliyyəti ilə tanış olarkən onların iqtisadi və sosial əhəmiyyətini yüksək qiymətləndirdi.

Bu müəssisələrin hər biri bölgənin resurs potensialına uyğun qurularaq, yerli xammalın səmərəli istifadəsini və yeni iş yerlərinin açılmasını təmin edir. Məsələn, "Humix" MMC ilə tanışlıq zamanı bildirildi ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Burada  Türkiyə, Çin və yerli texnologiyalar əsasında orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur, illik istehsal gücü 18 min ton təşkil edir. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixraca da yönəldilir. İnvestisiya məbləği 1,45 milyon manat olan müəssisəyə Biznesin İnkişafı Fondu (BİF) tərəfindən 497 min manat güzəştli kredit ayrılıb və investisiya təşviqi sənədi verilib.

"Taşobası" pambıq emalı zavodunda isə yerli pambığın emalı nəticəsində əlavə dəyər zənciri formalaşır, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı təmin edilir. Zavodda Türkiyə, Almaniya və İtaliya texnologiyaları tətbiq olunmaqla mahlıc və texniki çiyid istehsal olunur. Müəssisənin layihə dəyəri 3,3 milyon manatdır və ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsal edilir. İndiyədək 2,6 milyon manat dəyərində məhsul istehsal edilib ki, bunun  da 2,2 milyon manatı ixrac olunub. 

"Azera Toxumçuluq" MMC-də Türkiyənin qabaqcıl texnologiyaları əsasında yonca, hibrid qarğıdalı, hibrid günəbaxan, arpa və buğda toxumları istehsal edilir. İllik gücü 500 ton yonca, 800 ton qarğıdalı, 350 ton günəbaxan, 2 min ton arpa və 2 min ton buğdadır. Xammal kimi Sabirabad Pilot Aqroparkda və regionun müxtəlif fermer təsərrüfatlarında yetişdirilən məhsullardan istifadə olunur. Layihənin dəyəri 2,5 milyon manatdır.

Prezident İlham Əliyevin səfər çərçivəsində fəaliyyəti ilə  tanış olduğu  müəssisələrdən olan "Fırtına Su Sistemləri" MMC də Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi ötən il qeydiyyata alınıb. Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Burada  ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Müəssisədə  istehsal olunan cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

Bu sadalananlar ona  dəlalət edir ki, Sabirabadda həyata keçirilən sənaye layihələri regionun iqtisadi gücünü artırmaqla yanaşı, həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin bölgəyə səfəri həmin prosesin dövlət səviyyəsində dəstəkləndiyini və regionların sənaye potensialının daha da gücləndirilməsinin prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqlədi. Sabirabad Sənaye Məhəlləsindəki müəssisələrlə tanışlığı isə regionların sənaye potensialının artırılması, yerli xammalın səmərəli istifadəsi və yeni iş yerlərinin yaradılması istiqamətində strateji əhəmiyyət daşıyır. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr