Ağstafalı fermerlər bu mövsüm hər hektardan 34 sentnerdən çox buğda əldə etmişlər
Hər il istehsal etdiyi kənd təsərrüfatı məhsullarına görə fərqlənən rayonlardan biri də Ağstafadır. Əvvəlki illərdə olduğu kimi, bu il də sahələrdə bol məhsul yetişdirən rayon fermerləri hazırda yetişdirdikləri kənd təsərrüfatı məhsullarının yığımı ilə məşğuldurlar.
Qeyd edək ki, rayonda 124 min hektar torpaq sahəsinin 94,1 min hektarında kənd təsərrüfatı məhsulları yetişdirilir. Əkinə yararlı torpaq sahələrindən 18,9 min hektarı suvarılan, 2,9 min hektarı dəmyədir. Coğrafi mövqeyinə və təbii iqlim şəraitnə uyğun olaraq rayon iqisadiyyatının əsasını taxılçılıq təşkil edir. İstehsal olunmuş taxıl rayonun çörəyə olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Əvvəlki illərdə olduğu kimi, bu il də rayonda taxılçılıq üzrə uğurlu göstəricilərə nail olunub. 8512,1 hektarda taxıl yetişdirən fermerlər hər hektar buğda sahəsindən 34,2, arpa sahəsindən 26,1 sentner məhsul götürüblər. Hazırda rayon taxılçıları gələn ilin məhsulunun bünövrəsini qoyurlar. Bunun üçün nəzərdə tutulmuş 6500 hektarda şum aparılması nəzərdə tutulmuşdur. Artıq 4700 hektarda bu iş başa çatdırılmışdır.
Rayonda kartof istehsalı da bu il əvvəlki ildəkindən çox olmuşdur. 377,5 hektarda əkilmiş kartof sahələrinin hər hektarından 310,8 sentner məhsul götürülmüşdür. 1821,5 hektarda əkilmiş günəbaxan sahələrində də yığım yekunlaşmışdır. Bundan başqa, 302,5 hektarda qarğıdalı, 138 hektar sahədə təkrar qarğıdalı səpini aparılmışdır.
Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Odur ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, xüsusən süni mayalamadan istifadə edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Hər cins buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın, eləcə də bu sahədə güzəştli kreditlərin verilməsi, həmçinin müasir texnoloji avadanlıqlarla təminat rayonda heyvandarlığın inkişafına, sahibkarların bu sahədə marağının artırılmasına şərait yaradır. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində 1178 baş inək və düyələr süni yolla mayalandırılmış və onlardan 744 baş bala alınmışdır.
Onu da qeyd edək ki, rayonda istər bitkiçilikdə, istərsə də heyvandarlıqda yarana biləcək hər hansı xəstəliklərin vaxtında aradan qaldırılması üçün il ərzidə lazımi mübarizə tədbirləri görülmüşdür. Ziyanvericilər aşkar edilmiş sahələrdə mübarizə tədbirləri bu gün də davam edir. Ümumilikdə 1933,33 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"