AZ

27 il Sultan Əbdülhəmidin yanında çalışan Məhəmmədəmin Darğazadə kimdir?

BAKI,TurkicWorld

Məhəmmədəmin Darğazadə (1854–1925) — alim, yazıçı, dövlət xadimi və İstanbuldan Orta Asiyaya səyahət etmiş ilk türk səyyahı kimi tanınır. O, 1854-cü ildə Nuxada (indiki Şəki) dünyaya gəlib. Əsl adı Məhəmmədəli olan Darğazadənin atası ipək və barama ticarəti ilə məşğul olur, müxtəlif ölkələrlə iqtisadi əlaqələr saxlayırdı.

Təhsil illəri

İlk təhsilini doğma şəhəri Nuxada alan Məhəmmədəmin 9 yaşında Fransaya göndərilmiş və 1863–1869-cu illərdə Marseldəki fransız liseyində oxumuşdur. Daha sonra 1869–1875-ci illərdə İstanbulda fəaliyyət göstərən Qalatasaray Sultanisində, 1876–1877-ci illərdə isə Hüquqi-Şahanə Məktəbində təhsilini davam etdirmişdir.

Hindistana səyahəti

1877-ci ildə səhhətində yaranan problemlər səbəbindən həkimlərin məsləhəti ilə səyahətə çıxmağa qərar verən Məhəmmədəmin bəy, həmin ilin aprelində İstanbuldan yola düşmüşdür. O, əvvəlcə Poti, Tiflis və Yelizavetpol (indiki Gəncə) üzərindən Nuxaya qayıtmış, atasının Hindistanda olduğunu öyrəndikdən sonra onun ardınca bu ölkəyə yola çıxmışdır. Nuxadan Bakıya, oradan isə gəmi ilə Orta Asiyaya keçən səyyah Xivə, Daşkənd, Kokand, Qaşğar və Əfqanıstan marşrutu ilə Hindistana çatmışdır.

Səyahətinin sonunda İstanbulda qayıdan Darğazadə gördüklərini “Asiyayi-Vüstəyə Səyahət” adlı silsilə yazılar şəklində “Tərcümani-həqiqət” qəzetində dərc etdirmiş, 1878-ci ildə bu mətnlər kitab halında çap olunmuşdur. Əsər Osmanlı sultanı II Əbdülhəmidin diqqətini cəlb etmiş və Darğazadə saraya dəvət edilmişdir. .

Dövlət xidməti

1878-ci il 19 iyun tarixindən 1879-cu il 13 mart tarixinə qədər Məhəmmədəmin bəy İskan-ı Muhacirin şöbəsində məmur vəzifəsində çalışmışdır. 1880-ci ilin 2 martında o, Yıldız Sarayı kitabxanasına təyin edilmiş, iki il sonra – 1882-ci ilin 6 sentyabrında sultanın yaxın çevrəsinə – qürənalər sırasına daxil edilmişdir.

Tam 27 il Sultan Əbdülhəmidin yanında çalışan Darğazadə, bu dövrdə müxtəlif mühüm vəzifələr daşımış, ən yüksək mövqeyi 14 avqust 1908-də aldığı qarineyi-sani şəhriyari rütbəsi olmuşdur. 1909-cu il 27 aprel çevrilişindən sonra İttihadçıların hakimiyyətə gəlməsi ilə vəzifədən azad edilmişdir.

1920-ci ilin 17 aprelindən 1922-ci ilin 25 fevralına qədər o, Xəzineyi-xasseyi-şahanənin ümumi müdiri və bu qurumun idarə heyətinin sədri vəzifələrində çalışmışdır.

Əsərləri

İstanbuldan Asya-yı Vüstaya Səyahət – müəllifin Orta Asiya səyahətinə həsr olunmuş əsərdir. Əvvəlcə “Tərcümani-həqiqət” qəzetində hissə-hissə dərc edilmiş, daha sonra 1878-ci ildə kitab şəklində nəşr olunmuşdur.

İpək Böcəkləri – ipəkqurdu yetişdirilməsi və ipəkçilik haqqında maarifləndirici məzmun daşıyan əsərdir.

Müəllim-i Farisi – türklər üçün fars dili öyrənməyə həsr olunmuş dərslik.

Tarif-i Üməm – dünya xalqları və millətləri haqqında məlumat verən, tarixi bilgilərlə zəngin bir kitabdır.

Sığır Bəsləmək Üsulu – mal-qaranın, xüsusilə inəklərin bəslənməsi qaydalarını izah edən praktik vəsait.

Müsəvvər Tarif-i Heyvanat – uşaqlar üçün yazılmış, heyvanlar aləmini tanıdan və şəkillərlə bəzədilmiş maarif kitabı.

Mərkəz-i Ərza Səyahət – fransız yazıçısı Jül Vernin eyni adlı romanının türkcə tərcüməsidir.

Beş Həftə Balon ilə Səyahət – Jül Vernin digər məşhur əsərinin tərcüməsidir və müəllif tərəfindən Osmanlı türkcəsinə uyğunlaşdırılmışdır.

Məhəmmədəmin Darğazadə 16 sentyabr 1925-ci ildə, 71 yaşında İstanbulda vəfat etmişdir. O, Qaracaəhməd qəbiristanlığında torpağa tapşırılmışdır.

Seçilən
37
turkic.world

1Mənbələr