“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində ciddi problem yaranıb.
Hürriyyət.az xəbər verir ki, saxlanıldıqdan sonra V.Məmmədovdan heç bir məlumat ala bilməyən ailə üzvləri ciddi narahat olub.
Qeyd edək ki, baş redaktorun dövlət tərəfindən ayrılan vəkili, 12 nömrəli Vəkillər Bürosunun əməkdaşı Leyla İsgəndərli srağagün – 31 oktyabr tarixində V.Məmmədovun Səbail Rayon Məhkəməsində səhhətinin kəskin pisləşdiyini bildirib. Onun sözlərinə görə, məhkəmədə təzyiqi yüksələn və kəskin ürək bulantıları keçirən baş redaktora heç bir tibbi yardım göstərilməyib. Vəkil hazırda DTX-nın təcridxanasında saxlanılan V.Məmmədovun tibbi yardım aldığı haqda da onda heç bir məlumat olmadığını bildirib.
Məlumat üçün bildirək ki, istintaq altında olan hər bir məhkumun həftə ərzində ən azı 2 dəfə ailə üzvləri ilə telefon əlaqəsi yaratmaq hüququ olsa da, 29 oktyabr tarixində saxlanılan Vüqar Məmmədovun ailəsi ondan heç bir xəbər ala bilmir. Belə ki, indiyədək baş redaktorun ailə üzvləri ilə telefon əlaqəsi yaratmasına imkan verilməyib. Məhkəmədə səhhətinin kəskin pisləşməsi səbəbindən ailə üzvləri, yaxınları, eləcə də “Hürriyyət”in kollektivi Vüqar Məmmədovun taleyindən narahatdır. Ailə üzvlərinin açıqlamasında bildirilir ki, baş redaktorun sağlıq durumu ilə bağlı hər hansı problem yaranarsa, bunun məsuliyyəti birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşəcək.
V. Məmmədovun ailəsi yetkili qurumları günahsız olaraq həbs edilən baş redaktorun taleyinə biganə qalmamağa çağırır.
“Hürriyyət”