AZ

Etibar Məmmədov Ramiz Mehdiyevlə niyə görüşmüşdü? - FOTONUN TARİXİ

Son günlər sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərə görə məsuliyyətə cəlb edilən akademik Ramiz Mehdiyevlə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri Etibar Məmmədovun birlikdə görüntüləndiyi foto geniş müzakirələrə səbəb olub.

Fotonun nə zaman çəkildiyi barədə müxtəlif versiyalar səsləndirilib.

Modern.az-ın məlumatına görə, xaricdə yaşayan jurnalist Rauf Mirqədirov bildirib ki, həmin foto 35 il əvvəl - 1995-ci ildə, AMİP-in yaradılmasının ildönümü mərasimində çəkilib.

“O vaxt mən AMİP sədrinin mətbuat xidmətinin rəhbəri idim. Həmin şəkli Etibar Məmmədovla Ramiz Mehdiyev arasında xüsusi münasibətlərin, yaxud onların birlikdə dövlət çevrilişi hazırlaması kimi təqdim etmək tam absurddur”, - o qeyd edib.

Rauf Mirqədirovun sözlərinə görə, Ramiz Mehdiyev həmin tədbirdə partiyaya rəğbətindən deyil, Prezident Heydər Əliyevin tapşırığı ilə iştirak edib və onun təbriklərini partiya üzvlərinə çatdırıb:

“Bu, sadəcə rəsmi tədbir idi və Mehdiyevin oradakı iştirakı dövlət rəhbərliyinin siyasi partiyalarla münasibətinə dair protokol xarakterli bir addım idi.”

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Elnur Əmirov

Seçilən
58
1
modern.az

2Mənbələr