AZ

Ukrayna Almaniyadan “Patriot” sistemi alıb

Kiyev, 2 noyabr, AZƏRTAC

Ukrayna Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemləri alıb. Ölkənin hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi ilə bağlı danışıqlar davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

"Biz Ukraynanın hava hücumundan müdafiə sistemimizin “Patriot” komponentini gücləndirmişik. Mən Almaniyaya və şəxsən kansler Fridrix Mertsə insanların Rusiya terrorundan qorunması üçün atdığı bu birgə addıma görə təşəkkür edirəm", - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, hər bir hava hücumundan müdafiənin təkmilləşdirilməsi Ukraynanı müharibəni bitirməyə yaxınlaşdırır.

"Tərəfdaşlarımızla birlikdə etibarlı hava hücumundan müdafiə sisteminin yaradılması üzərində işləməyə davam edirik. Bizim imkanlarımız lazım gəldikdə təkcə Ukraynanın deyil, həm də tərəfdaşlarımızın təhlükəsizliyinə təminat verə biləcək", - deyə Ukrayna Prezidenti bildirib.

Almaniya 2025-ci ilin avqustun əvvəlində “Patriot” sistemlərini Ukraynaya köçürmək niyyətində olduğunu elan edib. Çatdırılma Danimarka, Litva və Norveçin maliyyə dəstəyi ilə həyata keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
72
3
azertag.az

4Mənbələr