AZ

Çexiyada gələn il orduya rekord səviyyədə çağırış gözlənilir

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Çexiya ordusuna 2026-cı ildə 2250 yeni əsgərin qəbul ediləcəyi planlaşdırılır. Bu göstərici ölkənin son illərdəki ən yüksək səviyyələrindən biri olacaq.

Qaynarinfo xəbər verir ki, məlumatı "Çexiya Radiosu" yayıb.

Ölkə üzrə ən yüksək göstərici 2006-cı ildə qeydə alınmışdı — həmin il 2262 nəfər hərbi xidmətə qəbul edilmişdi. Proqnozlara görə, 2025-ci il də bu göstəricini üstələyə bilər: bu ilin planı 2100 nəfər idi, lakin müraciət edənlərin sayının 2300 nəfəri keçəcəyi ehtimal olunur.

"Çexiya Müdafiə Nazirliyinin dövlət katibi Petr Vançura artıq 2026-cı il üçün 2250 yeni hərbçinin cəlb olunmasını nəzərdə tutan çağırış planını təsdiqləyib", deyə nazirliyin mətbuat xidmətinin nümayəndəsi Maqdalena Hinçikova bildirib.

Kadr agentliyinin əməkdaşı İva Bednarjova qeyd edib ki, builki çağırış planı artıq avqustun sonunda yerinə yetirilib və ilin sonuna qədər əsas hazırlıq kurslarında təxminən 200 boş yer qalır: "Əminik ki, həmin yerlər də dolacaq", deyə o əlavə edib.

2025-ci ilin əvvəlində Çexiya ordusunun tərkibində hərbi polis, kəşfiyyat, prezident qvardiyası və Brnodakı Müdafiə Universitetinin kursantları daxil olmaqla 28 mindən çox hərbi qulluqçu olub.

Yeni çağırış planı gələn ilin büdcəsi və xidməti başa vuran hərbçilərin sayı nəzərə alınmaqla hazırlanıb. 2025-ci ildə ordunu tərk edənlərlə yeni qəbul edilənlərin sayı arasındakı fərqin təxminən 650 nəfər olacağı gözlənilir ki, bu da son beş ilin ən yaxşı nəticəsidir.

Xatırladaq ki, Macarıstanda Çexiya və Slovakiya ilə birgə, Ukraynaya skeptik yanaşan bir alyansın yaradılması ideyası müzakirə olunur. Macarıstanın Baş naziri Viktor Orbanın müşaviri bildirib ki, Andrey Babişin partiyasının Çexiyada qalib gəlməsindən sonra bu ehtimal daha da real görünür.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
qaynarinfo.az

1Mənbələr