AZ

Rəngkarlıq Muzeyində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim edilib

Bakı, 2 noyabr, AZƏRTAC

Rəngkarlıq Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı çərçivəsində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, layihə uşaqlığın möcüzəsini və gənc istedadların sərhədsiz təsəvvürünü əks etdirir.

Layihə SÖZ Multidissiplinar İncəsənət Mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

SÖZ Multidissiplinar İncəsənət Mərkəzinin təsisçisi və rəhbəri Nigar Həsənzadə AZƏRTAC-a açıqlamasında bildirib ki, çıxışçılar layihənin yaradılmasında incəsənət həftəsonu layihəsinin müəllifi və təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın lirik əsərlərindən ilhamlanıblar.

“Çıxışçılar poeziya, musiqi, rəqs və vizual sənəti birləşdirərək tamaşaçılara təqdim ediblər. İstedadlı gənc sənətçilər tərəfindən göstərilən proqram poeziyanın səsdə və hərəkətdə də yaşadığını xatırladır”,- deyə N.Həsənzadə əlavə edib.

Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə vurğulayıb ki, layihədə iki rəqs ansamblı, xor, solistlər və rəqqaslar çıxış edir. Direktorun sözlərinə görə, bu tədbir üçün sentyabrdan hazırlıq başlayıb.

Seçilən
37
3
azertag.az

4Mənbələr