AZ

Pakistanda PIMEC-2025 sərgi və konfransına hazırlıq işləri tamamlanıb

2025-ci ilin 3-6 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində keçiriləcək 2-ci PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransına (PIMEC-2025) hazırlıq işləri tamamlanıb.

“Poliqon” xəbər verir ki, PIMEC-2025 sərgisi Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə Karaçi Ekspo Mərkəzində keçiriləcək.

Tədbirin təşkilati işləri “Badar Expo Solutions” (BXSS) şirkəti tərəfindən yerinə yetirilir.

Sərgidə 28-i xarici və 150-si yerli olmaqla, ümumilikdə 178 şirkət iştirak edəcək. PIMEC-2025-də həmçinin 44 ölkədən 133 beynəlxalq nümayəndə heyəti iştirak edəcək. Bunların arasında Böyük Britaniya, İtaliya, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Avstraliya, Misir, Çin və digər ölkələr var.

Sərgi çərçivəsində genişmiqyaslı dəniz məhsullarının və xidmətlərinin nümayişi, B2B (biznesdən-biznesə) və B2G (biznesdən-hökumətə) görüşlərin keçirilməsi , Anlaşma Memorandumlarının (MoU) imzalanması və mətbuatla fəal əlaqələr planlaşdırılır. Bu görüşlər xarici nümayəndələr, hökumət rəsmiləri və dəniz sektorunun əsas iştirakçıları arasında əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.

Hərbi dəniz müdafiəsi və təhlükəsizlik istiqamətində hərbi gəmilər, müşahidə, radar, HHM, silah sistemləri, sərhəd nəzarəti və kibertəhlükəsizlik texnologiyaları təqdim olunacaq.

Sərgi ilə paralel olaraq Beynəlxalq Dəniz Konfransı da keçiriləcək. Bu iki günlük elmi və peşəkar forum 2025-ci il 4-5 noyabr tarixlərində Pakistan Milli Dəniz İşləri İnstitutu tərəfindən “Mavi İqtisadiyyat Potensialının Davamlı İnkişaf üçün Səfərbər Edilməsi” mövzusu altında təşkil olunacaq.

Konfransda 4 sessiya çərçivəsində 14 elmi məruzə təqdim olunacaq. Bu məruzələrdə tanınmış yerli və beynəlxalq alimlər və ekspertlər dəniz sektorundakı yeni tendensiyalar, çağırışlar və imkanlar barədə çıxışlar edəcəklər.

Azərbaycandan “POLİQON JURNALI” media qrupu PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edir. Azərbaycandan yeganə nümayəndə kimi, “POLİQON JURNALI” media qrupu PIMEC-2025-də stendlə (Zal 5, Stend E21) təmsil olunacaq.

Seçilən
47
poliqon.az

1Mənbələr