ain.az bildirir, Mia.az portalına istinadən.
“Bolt” xidmətinin tətbiqində sifariş verilən yer və məkan adları müştərilərdə çoxsaylı narazılıqlar yaradıb.
Mia.az xəbər verir ki, bəzi yerlərin, müəssisələrin adları xoşagəlməz və hətta nalayiq ifadələrlə qeyd olunub.
Məsələn, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gediş sifarişini verəndə açılan xəritədəki yer və məkan adlarının arasında “Əlinin .....xanası” kimi adlar qarşıya çıxır.
Əməkdaşımız adıçəkilən şirkətin ölkə nümayəndəliyi ilə elektron yazışmalarda müştərilərin narazılığını çatdırsa da, yazışmada iştirak edən tərəf bu problemin "Google Xəritə" ilə bağlı olduğunu deyir və bununla bağlı heç bir məsuluyyət daşımadığını vurğulayır.
Maraqlıdı ki, digər taksi xidmətləri, məsələn, Yango, Uber və digərlərinin istifadə etdiyi google xəritələrdə məhz həmin ərazi üzrə sifarişlərdə normal adlar əks olunur. Bəs niyə nalayiq adlar olan xəritə yalnız “Bolt”da mövcuddur?
Ümumiyyətlə, son illərdə müxtəlif şirkət və müəssisələr, fiziki və hüquqi şəxslər məkan və yer adlarının, ünvanların quql xəritəyə daxil edilməsini özləri həyata keçirir. Bunun üçün istifadə olunan təlimata hətta internet resurslarında rast gəlmək olar. Bu üsuldan yeni işini tanıtmaq istəyənlər daha çox istifadə edir. Google xəritə ilə daha yaxşı tanınmaq və yadda qalmaq olar. İş adamlarına lazım olan əsas məqam quql xəritəyə məkan əlavə edib hər kəslə yerini bölüşməkdi.
Amma hətta bir iş sahibi olmasa da, insanlar quql xəritəyə yer əlavə etməyi çox faydalı hesab edir. Məsələn, əgər sevdiyiniz restoran varsa, o restoran quql xəritədə yoxdursa və siz orada kiminləsə görüşmək üçün həmin restoranın adını özünüz xəritəyə daxil edə bilərsiniz.
Qeyd edək ki, bu proses çox da zəhmət tələb etmir. Sadəcə, quql xəritəyə daxil olursunuz, tətbiqin sol üç küncündəki xətlərə toxunursunuz, menyudan parametrləri seçib, artırmaq istədiyiniz məkanın adını əlavə edirsiniz.
Göründüyü kimi, proses qəliz deyil. Quql (google) xəritəyə istənilən şəxs girib, oraya ağlına gələni yaza bilər.
Amma kütləvi xidməti özündə əks etdirən şirkətlər, müəssisələr öz nüfuzunu qorumaq, iş əxlaqına zərər gəlməsinin qarşısının alınması üçün belə xəritələrlə işlədikdə xüsusilə diqqətli olmalıdı. Kimlərinsə çirkin məqsədlə istifadə etdiyi ifadələrin müştəriləri narahat etməməsi üçün mütəmadi monitorinq aparmalıdı.
Güman etmək olar ki, “Bolt” bu istıqamətdə lazım olan addımları atacaq.
Zülfiyyə Mustafayeva
Mia.az



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.