AZ

Paleontoloqlar nanotirannozavrların mövcudluğunu sübut ediblər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Paleontoloqlar tarixdəki ən mübahisəli tapıntılardan biri olan nanotirannozavrın qalıqlarını təkrar tədqiq ediblər və həmin sürünənin 20 yaşında olduğunu müəyyən ediblər. Bu, nanotirannozavrların mövcudluğunu təsdiqləyir və əvvəllər məlum olmayan bu kərtənkələlərin mövcudluğuna işarə edir. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin (NCSU) mətbuat xidməti məlumat yayıb.

“Bu kəşf onu göstərir ki, Yer üzündəki son dinozavrların yaşayış mühiti indiyə qədər qəbul edildiyindən xeyli dərəcədə zəngin və rəqabətli olub. Xüsusilə, bizim kəşfimiz göstərir ki, stereogörmə qabiliyyətinə və çox güclü dişləmə qüvvəsinə malik olan kral tirannozavrlar Mezozoy ekosistemlərinin yeganə “kralları” deyildilər. Onlarla birgə daha çevik və sürətli ovçular olan nanotirannozavrlar da yaşayıblar”, – deyə universitetin dosenti Lindsi Zannon bildirib.

Nanotirannozavrlar paleontoloqlar arasında ən qızğın mübahisələrin mövzusu olub. Bu tip üç kərtənkələnin qalıqları XX əsrin ortalarında və XXI əsrin əvvəlində Montana ştatındakı məşhur dinozavr məzarlığı adlanan “Hell-Creek”də aparılan qazıntılar zamanı aşkar edilmişdi. Onların kiçik ölçüləri və ehtimal olunan gənc yaşı bu dinozavrların təbiəti barədə çoxsaylı müzakirələrə səbəb olmuşdu. Tədqiqatçıların bir hissəsi hesab edir ki, bu kərtənkələlər at boyda olan ayrıca bir tirannozavr növü (“Nanotyrannus lancensis”) olublar, digər paleontoloqlar isə onların “kral” tirannozavrların (“Tyrannosaurus rex”) balaları olduğunu güman edirlər.

Beş il əvvəl Zanno və həmkarları bu mübahisələri həll etməyə cəhd göstərərək, üç nanotirannozavrdan ikisinin sümüklərindəki halqaların quruluşunu öyrənmiş və onların 11–13 yaşlı “yeniyetmə” tirannozavrlar olduqları ilə bağlı nəticəyə gəlmişdilər. Yeni tədqiqatlarında paleontoloqlar oxşar üsulla triseratopsla döyüşdə həlak olmuş üçüncü nanotirannozavrın qalıqlarını öyrəniblər, həmçinin son onilliklər ərzində paleontoloqlar tərəfindən tapılmış iki yüzdən artıq tirannozavr nümunəsinin sümüklərinin quruluşunu təhlil ediblər.

Bu analiz göstərib ki, əvvəlki tədqiqatda mütəxəssislər tirannozavridlər fəsiləsinə aid kərtənkələlərin böyüdükcə artım sürətinin necə dəyişməsi barədə qeyri-dəqiq təsəvvürlərə görə iki digər nanotirannozavrın yaşını az göstərmişdilər. Bu çatışmazlığı düzəltdikdən sonra alimlər üçüncü kərtənkələnin yaşını hesablayıblar və onun 20 yaşlı yetkin bir fərd olduğunu aşkar ediblər.

Eyni zamanda alimlər iki əvvəlki “yeniyetmə”dən birinin kəllə quruluşunun “Tyrannosaurus rex” və “Nanotyrannus lancensis” növlərindən dişlərin sayı və sinir kanallarının quruluşu baxımından fərqləndiyini müəyyən ediblər. Bu səbəbdən paleontoloqlar onu ayrıca yeni bir növ kimi ayırıb, mifik Leta çayının şərəfinə “Nanotyrannus lethaeus” adını veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
azertag.az

4Mənbələr