AZ

Özbəkistan metrosu – memarlıq incisi - FOTOLAR

Qardaş Özbəkistanın paytaxtı Daşkəndə səyahət edən  turistlər şəhərin metro stansiyalarının gözəlliyinə və genişliyinə heyranlıqları haqda xarici mətbuatda çox yazıblar. Ümumiyətlə, Daşkənd metrosu dünyanın ən maraqlı metrolarından sayılır. Biz də bu yazımızda qısaca da olsa Daşkənd metrosunun tarixindən yazacaq, bir neçə stansiyanın görüntüsünü təqdim edəcəyik. 

Əvvəlcə onu deyim ki, Daşkənd metrosunda bir dəfəlik gediş haqqı 3000 sum, yəni bizim pulla təxminən 43 qəpikdi. 

Özbəkistan metrosu keçmiş SSRİ-dən qalan bir mirasdı. Bildiyimiz kimi, Orta Asiya dünyanın seysmoaktiv regionlarından, yəni zəlzələyə həssas yerlərindən sayılır. 

1966-cı ildə Daşkənddə güclü zəlzələ baş vermişdi. O  zaman təxminən 300 min insan evsiz qalmış, şəhər dağılmış, nəqliyyat sistemi demək olar ki, tamamilə sıradan çıxmışdı. Dəhşətli zəlzələdən sonra Özbəkistan hökuməti paytaxtda zəlzələyə davamlı metro inşa etməyi qərara aldı. Bunun üçün müxtəlif respublikalardan peşəkar memarlar, mühəndislər, heykəltəraşlar və dizaynerlər dəvət edildi.

Metro inşası zamanı stansiyaların bəzədilməsinə xüsusi diqqət yetirildi, milli koloritin əks olunması üçün qranit, mərmər və bəzəkli relyeflərdən istifadə olundu. Hər stansiyaya milli ornamentə uyğun olaraq özünəməxsus dizayn verildi.

İlkin stansiyalardan olan “Əmir Teymur Meydanı” stansiyası sadəliyi, özbək milli naxışları ilə bəzədilmiş dizaynı,  genişliyi ilə seçilir və yaddaqalandır.  
İlk stansiyalar sırasında məşhur özbək şairinin adını daşıyan “Əlişir Nəvai” stansiyası da var. Divarlarında şairin yaradıcılığını simvolizə edən firuzəyi  mozaik panellər diqqəti cəlb edir. Bu stansiya Daşkəndin ən gözəl memarlıq əsərlərindən  sayılır. Zalın ağ mərmərdən hazırlanmış şərq üslublu tağları qədim sarayları xatırladır.

Ən maraqlı stansiyalardan biri də “Kosmonavtlar” stansiyasıdı. Burada hər şey kosmik üslubda tərtib edilib: yaşıl şüşədən sütunlar, balıq pulcuğunu xatırladan unikal şamdanlar, divarlarda isə Yuri Qaqarin, Valentina Tereşkova və başqa kosmonavtların təsvirləri yer alır.  

“Paxtakor” stansiyası bir qədər sadə olsa da, milli naxışları ilə diqqət çəkir. Uzun zal boyunca pambıq motivli ornamentlər uzanır. Stansiyanın adı “pambıqçı” mənasını verir. Pambıq bu gün də Özbəkistanın “ağ qızıl”ı sayılır. 

Ağ mərmər sütunlar, kristal şamdanlar və rəngli tavanlarla bəzədilmiş başqa maraqlı bir stansiya “Mustaqillik Maydoni” adlanır. 

“Bodomzor” stansiyası özünəməxsus orijinal dizaynı ilə fərqlənir. Buranı badam çiçəkləri formasında nəhəng işıqlar, onların altında oturacaqlar və divarlardakı milli ornamentlər əhatə edir. Stansiya sehrli aləmlərin ən zəngin sarayını xatırladır.

“Yunus Rəcəbi” Daşkənd metrosunun ən dərin stansiyası sayılır. Stansiya nəhəng şərq üslublu sütunlar, həm dekorativ, həm də işıqlandırıcı elementlərlə bəzədilib.

“Qafur Qulam” stansiyası isə rəngli mərmər, qranit, şüşə, metal və keramika ilə dizayn edilib. Rəngli sütunlar və gizli işıqlarla dolu tağlı tavan buranı xüsusilə möhtəşəm edir. 

Bütün bu sehrli gözəlliklərinə görə Daşkənd metrosu təkcə nəqliyyat vasitəsi deyil, o həm də yeraltı sənət qalareyası sayılır. Burada hər stansiya özünün hekayəsini pıçıldayır və sərnişinləri  keçmiş dövrün memarlıq zərifliyi ilə salamlayır.

Murad Köhnəqala

Seçilən
38
adalet.az

1Mənbələr