AZ

“Taipei Times”: Tayvan 2026-cı ildə ABŞ-dən 18 ədəd HIMARS alacağını gözləyir

BAKI, 3 noyabr. TELEQRAF

Taypey adanın silahlı qüvvələrinin 2026-cı ilin sonunadək ABŞ istehsalı olan 18 mobil reaktiv yaylım atəş sistemi (M142 HIMARS) alacağına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, HIMARS partiyası ilkin olaraq 2027-ci ildə təhvil verilməli idi, amma ABŞ sistemləri planlaşdırılandan daha əvvəl göndərə bilər. Partiyaya 18 ədəd lansir qurğusu, onlara aid 300 km məsafəyə atış imkanına malik 20 ədəd taktiki ATACMS raketi və 70 km məsafəli 864 yüksək dəqiqlikli raket daxil olacaq.

Bu, Tayvan quru qoşunlarının alacağı ikinci belə HIMARS partiyası olacaq. Ada ABŞ-dən artıq 29 lansir qurğusu alıb və ilk 11-ni 2024-cü ildə qəbul edib. Cari ilin may ayında adanın 58-ci Artilleriya Komandanlığı HIMARS ilə ilk döyüş atışlarını keçirib. Bundan əlavə, “Taipei Times” avqust ayında mənbələrə istinadla yazmışdı ki, Tayvan alınmış 29 qurğuya əlavə olaraq ABŞ-dən daha 28 HIMARS dəsti almağı planlaşdırır.

Qəzet eyni zamanda bildirir ki, bir sıra ABŞ silahlarının Tayvana tədarükü gecikir. Xüsusilə, 66 ədəd F-16V Block 70 qırıcı təyyarəsinin əldə edilməsi qeyri-müəyyən müddətə təxirə salınıb, ilkin gözlənti bütün təyyarələrin 2026-cı ilin sonuna qədər alınması idi, amma bu, artıq mümkün görünmür. F-16V üçün nəzərdə tutulmuş AGM-154C aviabombalarının çatdırılması da gecikir, eləcə də 24 ədəd ağır Mark 48 torpedasının təhvili ilə bağlı gecikmələr mövcuddur.

Seçilən
55
teleqraf.com

1Mənbələr