BAKI, 3 noyabr. TELEQRAF
Antarktida sularının altında peyklər vasitəsilə qlobal marağa səbəb olan qeyri-adi parıltı müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.
Alimlər bu parıltının görünməyən bioloji aktivlik və okeanın kimyəvi tərkibindəki dəyişikliklər barədə məlumatlar daşıya biləcəyini düşünürlər.
Nəşr qeyd edir ki, əvvəlcə bu parıltı tədqiqatçıları təəccübləndirib. Amma sonradan müəyyən olunub ki, bu, kokkolitoforidlərin (kalsium- karbonatdan ibarət mikroskopik fitoplanktonlar) genişmiqyaslı çoxalması nəticəsində yaranıb.
Alimləri təəccüblənirən odur ki, kokkolitoforidlər subpolar sularda müşahidə edilib, halbuki onlar adətən daha isti dənizlərdə müşahidə olunur. Bu kəşf onların ekoloji arealı ilə bağlı əvvəlki təsəvvürləri şübhə altına alır.
Biqelou Okeanologiya Laboratoriyasının bioloqu Uilyam M. Balçın rəhbərliyi altında aparılan araşdırmada deyilir ki, alimlər müxtəlif dərinliklərdə təkrar ölçmələr aparıblar:
“Kokkolitoforidlərin yaşayış yerləri haqqında təsəvvürümüzü genişləndiririk, nəhayət, okeanın bu nadir tədqiq olunan hissəsində peyk təsvirlərində gördüyümüz qanunauyğunluqları anlamağa başlayırıq. Ən dolğun mənzərəni əldə etməyin ən yaxşı yolu, eyni şeyi bir neçə üsulla ölçməkdir”.
Alimlərin sözlərinə görə, kokkolitoforidlər planetin albedosunun, yəni Günəş işığının səthdə əksolunma qabiliyyətinin tənzimlənməsində mühüm rol oynaya bilərlər. Onların işığı əks etdirmə qabiliyyəti okeanın böyük sahələrində istiliyin udulmasına təsir göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, sərt iqlim və məhdud məlumat səbəbindən Cənub okeanının bioloji məhsuldarlığı indiyədək az qiymətləndirilib.
Nəşr vurğulayır ki, bu tədqiqat dünyanın ən soyuq sularında karbonun udulması ilə bağlı proqnozları dəyişə bilər. Əgər kokkolitoforidlər yaşayış areallarını Cənuba doğru genişləndirirlərsə, bu, okeanda karbon qazının saxlanma mexanizminə təsir göstərə və qlobal iqlim modellərini dəyişdirə bilər.