AZ

Palma yağları: nə olar, nə olmaz?

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 38 milyon 415 min ABŞ dolları dəyərində 26 min 946 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 26.6 faiz və ya 9.8 min ton, dəyər ifadəsində isə 10.7 faiz və ya 4.6 milyon ABŞ dolları azalıb. 2024-cü ilin ilk 8 ayı ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib. Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.42 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 1129 ton, İndoneziyadan isə 25 min 816 ton palma yağı idxal edilib.

Son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir. Bəzən elə olur ki, istehlakçılar aldıqları məhsulların tərkibində palma yağının olub-olmadığını bilmirlər. Çünki bir sıra hallarda bu yağı həmin məhsulun üzərində başqa adlarla, məsələn, "hidrogenləşdirilmiş bitki yağı" kimi qeyd edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, palma yağı insan orqanizmi və təbiət üçün qlobal miqyasda zərərlidir. ÜST ekspertləri palma yağının istehsal və satış sənayesinin miqyasını hətta birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə ediblər.

Mütəxəssislərin fikrincə, palma yağından istifadə ilk növbədə ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına, ürəyin işemik xəstəliyinə səbəb olur. Tərkibində xərçəng yaradan maddələr çox olduğuna görə riski yüksəkdir. Palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Palma yağı orqanizmdə tam sorulmur, toxumalarda toplanır və bu, metabolik pozğunluq yaradır.

Palma yağını rafinə etmədən istehlak etmək mümkün deyil

Qida texnoloqu Ağa Salamovun sözlərinə görə, palma yağıını hidrogen püskürdüb doydurmurlarsa, tərkibinə rəngləndirici qatqılar vurulmursa, süni kərə yağına çevirmirlərsə, o zaman faydalı ola bilər. O da miqdar nəzərə alınmaqla istehlak olunmalıdır: "Palma yağını rafinə etmədən istehlak etmək mümkün deyil. Onun gərək rəngini və qoxusunu dəyişsinlər, belə olanda isə tempratur 250 dərəcəyə qədər qalxır. Bu temperatura qalxan yeganə yağ zeytun yağıdır ki, trans yağa çevrilmir. Palmanı 250 dərəcəyə qaldırıb doydurmaq istəyəndə artıq hidrogen bağlarının yeri dəyişir və həmin yağ trans yağa çevirilir. Bu gün ölkəyə gətirilən palma yağlarını hidrogenlə doydurub marqarinlərə çevirirlər. Bu isə insan orqanizmi üçün olduqca zərərlidir. İnsan bədənində əriməyən, ərimə temperaturuna malik olmayan, sorulmayan və bədənə yad olan yağlar insan orqanizmində olan xərçəng hüceyrələrinin qarşısını almır, əksinə, şişlərə çevirir ki, bu da gələcəkdə ölümlə nəticələnir".

Paketlənmiş qidaların əksəriyyətində, şirniyyatların hazırlanmasında palma yağından istifadə olunur

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, paketlənmiş qidaların əksəriyyətində, eyni zamanda restoran və iaşə obyektlərində qızartma yeməklərdə, bir çox şirniyyatlarda palma yağından istifadə olunur. Lakin bu, əksər hallarda göstərilmir. Bəzən bitki yağı adı altında yazılır, hətta bir neçə bitkinin adı qeyd edilir və konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da aldıqları məhsullar haqqında tam məlumatlı olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində bu, qadağandır. Xüsusən də uşaq qidalarında bu qadağalar daha çox tətbiq edilir: "Gündəlik palma yağından istifadə edən və normanı keçən insanların həyatı, sağlamlığı üçün müəyyən təhlükələr yaranır. Bu gün xüsusilə də paketlənmiş qidaların əksəriyyətində, şirniyyatların hazırlanmasında palma yağından istifadə olunur. Xüsusilə, bir çox restoran və iaşə obyektlərində qızartma yeməklərdə bu yağlardan istifadə edilir. Hətta paketlərin üzərində konkret palma yağının adı göstərilməsi də, bu, hidrogenləşdirilmiş bitki yağı, bir neçə bitkinin adı, yaxud digər fərqli adlarla qeyd olunur. Konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu qeyd edilmir. Belə olan halda da təbii ki, istehlakçılar aldığı məhsulun tərkibi haqqında tam məlumatlı olmurlar".

Palma yağından uşaq qidalarında istifadə olunması yolverilməzdir

Məhsəti Hüseynovanın sözlərinə görə, palma yağı palmanın meyvəsindən və dənələrindən alınır: "Sənaye üsulu ilə hazırlanan yağlar var ki, onların qida üçün istifadəsi yararlı deyil. Amma təbii haldadırsa, tərkibində A, E vitaminləri, doymamış yağ turşuları varsa, bundan az miqdarda, gec-gec istifadə olunarsa, orqanizm üçün zərərli olmaz. Amma mütəmadi olaraq istifadə olunduqda, xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində inkişafdan qalmaya və müəyyən xəstəliklərə erkən yaşda tutulmaya səbəb olur. Bəzi inkişaf etmiş ölkələrdə məhsulların üzərində "tərkibində palma yağı yoxdur", "palma yağı tərkibli hər hansı yağdan istifadə edilməyib" kimi ifadələr yer aldıqda bu, premium məhsul hesab edilir. Ona görə də sağlamlığına diqqət edən insanlar bu kimi məhsullardan istifadə etmirlər. Palma yağından uşaq qidalarında istifadə olunması yolverilməzdir. Əgər istifadə olunubsa, çalışıb uşağın gündəlik qidasını təbii qidalardan seçmək lazımdır ki, immun sistemi düzgün formalaşsın. Palma yağından həddən artıq çox istifadə orqanizmdə "pis xolesterin" kimi tanınan LDL-in səviyyəsini yüksəldir və "yaxşı" xolesterin kimi tanınan HDL-in səviyyəsini aşağı salır. Bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır".

Həzm olunmur və mədə-bağırsağı sıradan çıxarır, damar tıxanıqlığı yaradır

Mütəxəssis bildirib ki, bir çox məhsulların zərərləri var, lakin önəmli olan onlardan gündəlik qida kimi istifadə etməməkdir: "İmmun sistemi güclü olan insanlar bu məhsullardan gec-gec, az bir miqdarda istifadə etsələr, zərərlərini o qədər də hiss etməyə bilərlər. Amma daim paketlənmiş, kimyəvi qatqılı qidalardan, keyfiyyətsiz yağlardan hazırlanan məhsullardan istifadə edən insanlarda istər inkişafdan geri qalma, istərsə də xəstəliklərə tutulma halları açıq-aydın görünür. Bəzən məhsulun tərkibini palma yağı yerinə bitki yağı olaraq göstərilir. Palma yağı bədəndə qəbul olunmadığına görə tərkibindəki palnitin turşusu həddindən artıq tez və zərərli şəkildə kilo almağa və piylənməyə səbəb olur. Bu zaman insulin riski də çoxalır. Həmçinin o, həzm olunmur və mədə-bağırsağı sıradan çıxarır, damar tıxanıqlığı yaradır. Kalori miqdarı olduqca yüksəkdir. Bir yemək qaşığı palma yağında təxmini 120 kalori var. İnsanlar bəzən səhv məlumatlı olur. Deyirlər ki, "yağ palma ağacının çəyirdəklərindən hazırlanıbsa, faydalıdır". Diqqətə çatdırım ki, bu məlumat yanlışdır. Hər ikisi eyni kaloriyə malikdir. Ümumiyyətlə, palma tərkibli yağlardan istifadə tamamilə ziyandır".

Palma yağından istifadəni azaltmaq daha yaxşı olar

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev bildirib ki, Azərbaycana hər il böyük miqdarda palma yağı idxal olunur. Bu qədər böyük həcmdə idxalın əsas səbəbi ucuz olması, uzun saxlanma müddəti və qida sənayesində texnoloji üstünlükləri ilə bağlıdır. Palma yağının sağlamlığa təsiri məsələsi hələ də elmi və ictimai müstəvidə müzakirə olunur. Ən mühüm xüsusiyyəti odur ki, doymuş yağ turşularının miqdarı çox yüksəkdir. Bu hal onu otaq temperaturunda bərk saxlayır və məhsulun uzunömürlülüyünü artırır. Bu səbəbdən palma yağı qənnadı məmulatlarında, şokolad, biskvit, yağlı krem və hazır yeməklərdə geniş istifadə olunur. İstehsalçılar üçün bu yağ həm stabil, həm də iqtisadi baxımdan sərfəlidir: "Əgər idxal olunan yağ sertifikatlaşdırılmış və beynəlxalq standartlara uyğun istehsal edilibsə, o zaman təhlükə riski az olur. Amma ucuz və sertifikatsız xammal idxal edilərsə, orqanizmə uzunmüddətli təsir daha ciddi ola bilər. İstehlakçı olaraq etiketdəki "bitki yağı" ifadəsinə diqqət etməliyik. Əgər tərkibdə "palma yağı" qeyd olunubsa, bu məhsulun ucuz xammaldan hazırlandığı ehtimalı yüksəkdir. Xüsusilə şokolad, konfet, krem və fast-food məhsullarında bu yağdan çox istifadə olunur. Palma yağının idxalı iqtisadi baxımdan sərfəli olsa da, bir məhsulun sağlamlığa təsiri çox müzakirə olunursa və fikirlər birmənalı deyilsə, o zaman palma yağından istifadəni azaltmaq daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, qida sənayesinin arxasında böyük qlobal maraqlar var. Artıq müasir dünyada qida həm də bioloji silah olaraq istifadə oluna bilir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
525.az

1Mənbələr