AZ

Zelenskinin hərbi vəziyyəti uzatmaq qərarı Rusiyaya qarşı taktiki və Qərbə qarşı psixoloji xarakter daşıyır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 günlük müddətə, 3 fevral 2026-cı ilə qədər uzadılması barədə qanunlar imzalayıb. Müvafiq məlumat Ukrayna parlamentinin Telegram kanalında dərc edildi. Bəyanatda deyilir: "Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin 5 noyabr 2025-ci il tarixindən başlayaraq 90 gün müddətinə uzadılması barədə qanunlar imzaladı". 21 oktyabrda Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna parlamentinin Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin üç ay müddətinə uzadılması təşəbbüsünü dəstəklədiyini açıqlayıb. Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildə elan edilib. Bir gün sonra Prezident Zelenski ümumi səfərbərliyin tətbiqi barədə fərman imzalayıb.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi vəziyyətin və səfərbərliyin müddətini fevralın 3-nə qədər uzatması, ilk növbədə müharibənin hələ bitmədiyini və Ukraynanın müdafiə potensialını qorumaq niyyətini göstərir. Politoloqun fikrincə, bu addım daha çox taktiki və psixoloji xarakter daşıyır: “Zelenski bununla həm ölkə daxilində döyüş ruhunu canlı saxlamaq, həm də Qərbə “mən hələ mübarizədəyəm, məni tək buraxmayın” mesajı vermək istəyir. Bu, Qərb paytaxtlarında dəstək tonunun azalması fonunda bu qərar simvolik əhəmiyyət də daşıyır.

Əslində, qış mövsümü Ukrayna üçün həm imkan, həm də çətinlik dövrüdür. Mövsümün sərt keçməsi hərbi əməliyyatların intensivliyini azaltsa da, bu, müharibənin dayanması anlamına gəlmir. Zelenskinin qərarı göstərir ki, Kiyev “donmuş münaqişə” ssenarisinə razı deyil. Ukrayna rəhbərliyi qışın çətinliyinə baxmayaraq, hərbi hazırlığı və səfərbərlik mexanizmini tam dayandırmaq istəmir.

Eyni zamanda, bu addım Rusiyaya yönəlik siyasi siqnaldır: “Sən qışda dayanacağını düşünürsənsə, yanılırsan.” Zelenski beləliklə, həm öz xalqına dözümlülük, həm də Kremlə qarşı iradə nümayiş etdirir. Bu, həm də Ukraynanın Avropa təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olduğunu bir daha xatırladır”.

Tural İsmayılov

Tural İsmayılov qeyd edib ki, bu qərar sülh prosesinin qışda “donacağı”nı və hərbi əməliyyatların ən azı bahara qədər davam edəcəyini göstərir: “Bu qərar Ukraynanın məğlubiyyətini deyil, əksinə davamlı müqavimət strategiyasını ifadə edir”.

Politoloq hesab edir ki, Zelenski müharibəni uzatmaq üçün deyil, onun şərtlərini daha ədalətli şəkildə formalaşdırmaq üçün dözüm nümayiş etdirir. “Nəticə etibarilə, bu qərar həm real təhlükəsizlik ehtiyaclarından doğur, həm də siyasi mesaj funksiyası daşıyır. Ukrayna öz mövqeyini qoruyur, dayanmaq niyyətində deyil və bu, Kiyevin hələ də mübarizə əzmini itirmədiyinin ən aydın sübutudur”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr