AZ

Tramp: “Maduro prezident kimi son günlərini yaşayır”

AzVision.az xəbər verir ki, Amerika lideri “CBS News” telekanalına müsahibəsində belə deyib.

“Deyərdim ki, bəli. Mən belə düşünürəm”,- Donald Tramp Maduronun prezident kimi son günlərini yaşayıb-yaşamaması barədə sualın cavabında bildirib.

Bununla belə, Ağ Evin rəhbəri Venesuelaya zərbə endirmək planlarını təsdiq və ya təkzib etməyib. Lakin “Gerald Ford” təyyarə daşıyan gəmisinin Karib dənizinə göndərilməsi fonundaABŞ-nin bu ölkə ilə müharibəyə doğru getdiyinə şübhə etdiyini söyləyib:“Mən buna şübhə edirəm. Mən belə düşünmürəm”.

Jurnalist Venesuela ərazisinə mümkün zərbələr barədə xəbərlərin doğru olub-olmadığını aydınlaşdırmaq istəyəndə isə, Donald Tramp sualdan yayınıb.

- Bunu sizə deməyəcəm. Bunun doğru olub-olmadığını demirəm. Mən zərbə endirib-endirməyəcəyimi müxbirlə müzakirə etmirəm.“Venesuelaya zərbə endirmək planları varmı?” sualına necə cavab verim? Bunu kim deyər? Hətta belə olsaydı, mən sənə bu haqda danışardım?”,- Amerika lideri ritorik suallarla jurnalistə cavab verib.

Karakas:“ABŞ bəhanə axtarır”
Bundan əvvəl mənbələrə istinad edən “The Wall Street Journal”, “The Miami Herald” və “New York Post” nəşrləri ABŞ administrasiyasının Venesueladakı hədəflərə hücum etmək qərarına gəldiyini yazıblar.

Mənəblərin sözlərinə görə, potensial hədəflər arasında ordunun nəzarətindəki limanlar və narkotik ticarəti üçün istifadə olunduğu güman edilən hava limanları var.

Maraqlıdır ki, Donald Trampın özü oktyabrın 31-də hələ heç bir qərar vermədiyini bildirib. ABŞ-nin Dövlət katibi Marko Rubio isə “Miami Herald” nəşrinin “X” sosial media saytında dərcinə münasibətdə qəzetin “saxta xəbər” dərc etdiyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın əvvəlindən Birləşmiş Ştatlar Karib dənizində, Amerika kəşfiyyatının məlumatına görə, narkotik daşıyan gəmilərə hücumlar həyata keçirir. Donald Tramp həmçinin açıq şəkildə Venesuela prezidenti Nikolas Maduronu qlobal narkotik ticarətini dəstəkləməkdə ittiham edir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr