ABŞ-ın dünyanı 150 dəfə məhv etməyə yetəcək qədər nüvə silahı ehtiyatı var.
APA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "CBS News" telekanalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ nüvə potensialına görə dünyanın digər dövlətlərini geridə qoyur, lakin bu gücün məsuliyyətli şəkildə idarə olunması zəruridir.
“Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Denuklearizasiya istiqamətində ciddi addımlar atmaq lazımdır. Amma eyni zamanda, ABŞ nüvə sınaqları keçirməyən yeganə dövlət kimi qalmamalıdır”, – Tramp vurğulayıb.
O, bu məsələni Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə etdiyini qeyd edib.
“Bizim dünyanı 150 dəfə partlatmağa kifayət edəcək qədər nüvə silahımız var. Rusiyanın da çoxlu silahı mövcuddur, Çin isə yaxın illərdə bu potensiala çatacaq”, – Tramp əlavə edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ-ın təhlükəsizlik maraqları baxımından nüvə sınaqlarının tam dayandırılması məqsədəuyğun deyil. Onun sözlərinə görə, əgər digər ölkələr bu sahədə fəaliyyət göstərirsə, Vaşinqton da öz texnoloji üstünlüyünü qorumaq üçün adekvat addımlar atmalıdır.