Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə həyata keçirdiyi islahatlar ölkədə idarəçilik modelinin yeni mərhələyə keçdiyini göstərir.
Bu mərhələ sadəcə kadr dəyişiklikləri ilə deyil, dövlətin idarəetmə fəlsəfəsinin yenilənməsi, yeni nəsil dövlətçilik konsepsiyasının formalaşması ilə xarakterizə olunur.
2019-cu ildən başlayaraq Prezident İlham Əliyev dövlət idarəçiliyində nəsil dəyişimi kursuna keçdi. Bu siyasət sovet tipli idarəçilikdən uzaqlaşmaq, çevik və texnokratik qərarvermə sisteminə keçid məqsədi daşıyırdı. Son illərdə bir çox yüksək vəzifələrə gənc və müasir düşüncəli şəxslərin təyin olunması bu siyasətin simvollarına çevrilib. Bu dəyişikliklər təkcə kadr islahatı deyil, idarəetmə mədəniyyətinin yenilənməsi deməkdir.
Yeni idarəçilik mərhələsinin əsas istiqamətlərindən biri rəqəmsal dövlət modelinin qurulmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” və “DOST” kimi qurumlar dövlət idarəçiliyinə yeni keyfiyyət gətirib. Bu modelin əsas məqsədi bürokratiyanı azaltmaq, korrupsiya risklərini minimuma endirmək, dövlət xidmətlərini vətəndaşa birbaşa, şəffaf şəkildə təqdim etməkdir.
Hazırda elektron hökumət sisteminin inkişafı nəticəsində Azərbaycan regionda rəqəmsal idarəetmədə lider ölkələrdən biri hesab olunur.
İqtisadi idarəetmənin yenilənməsi: Postneft mərhələsi
Prezident İlham Əliyevin islahatlarının mühüm istiqaməti iqtisadi idarəetmənin transformasiyasıdır. Burada məqsəd neftdən asılılığı azaltmaq və yeni iqtisadi dayaqlar qurmaqdır. Bu siyasət çərçivəsində qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, logistika və “yaşıl enerji” inkişaf etdirilir, dövlət şirkətlərində korporativ idarəetmə prinsipləri tətbiq olunur, kiçik və orta sahibkarlığın dəstəklənməsi prioritetə çevrilib. Nəticədə, Azərbaycan postneft dövrünə keçid üçün real struktur əsaslar yaradıb.

“Qalib dövlət” ideologiyası: Müasir idarəçiliyin fəlsəfi dayağı
2020-ci il Vətən müharibəsində qazanılmış Qələbədən sonra Prezident İlham Əliyev “Qalib dövlət” ideyasını milli ideologiyanın mərkəzinə gətirdi. Bu konsepsiya həm dövlətin özünüdərkində, həm də idarəetmədə yeni bir mərhələ açdı.
“Qalib dövlət” anlayışı nəyi ifadə edir?
-Azərbaycanın regional lider kimi mövqeyini;
-Müstəqil və balanslı xarici siyasətini;
-Güclü milli dövlətçilik ruhunu.
Bu ideologiya artıq idarəçilikdə də öz əksini tapır – dövlət məmurlarının məsuliyyət, cəmiyyətin isə inam səviyyəsi yüksəlir.
Yeni idarəetmə siyasətinin əsas konturlarından biri də ictimai nəzarətin artırılmasıdır. Prezident Əliyev dəfələrlə qeyd edib ki, dövlət orqanlarının fəaliyyəti şəffaf və hesabatlı olmalıdır. Son illərdə QHT-lərlə münasibətlər yenilənib, parlamentin rolu artırılıb, media islahatları istiqamətində addımlar atılıb. Bu, idarəçiliyin cəmiyyətlə əlaqəsinin möhkəmlənməsinə və dövlətin sosial məsuliyyətinin artmasına xidmət edir.
Prezident İlham Əliyevin apardığı islahatlar inqilabi deyil, mərhələli və planlı təkamül xarakteri daşıyır. O, köhnə sistemin tam dağıdılmasını deyil, onun müasir tələblərə uyğun modernləşdirilməsini seçib.
Bu siyasət Azərbaycanın dövlət idarəetməsində sabitliklə inkişafı uzlaşdırır, sabitlik içində dəyişiklik, dəyişiklik içində davamlılıq prinsiplərini reallaşdırır.
“Analitik” Təhlil Mərkəzi
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.