BAKI, 3 noyabr. TELEQRAF
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahid qismində Tural Süleymanov ifadə verib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin eksperti vəzifəsində işləyir: "Hadisənin şahidi olmamışam, amma yanğından sonra hadisə yerinə baxış keçirmişəm. Yanğın söndürüləndən bir saat sonra hadisə yerinə dəvət olunduq, baxış keçirdik, akt tərtib etdik. Kömürləşmənin daha çox olduğu yerdə yanğının çıxdığı yer olduğu müəyyən etdik.
Videoya baxandan sonra yanğının baş verdiyi yeri düzgün müəyyən etdiyimizi məlum oldu. Tədqiqitlara görə, yanğın uzadıcıdan baş vermişdi, həmin otaqda hər şey yanmışdı. Digər otaqlardan götürülən əşyalar arasında uzadıcı aşkarlandı.
Uzadıcının üzərində olan pilkada şirkətin istehsal etdiyi yazılıb. Pilkada uzadıcının zavod istehsalı olduğunu müəyyən etmək olur. Biz ümilikdə yanğın olan mərtəbədən 4-5 uzadıcı götürmüşük.
Mənim işim yanğının baş verməsinin baş verməsini müəyyən etmək olub. Texniki avadanlıqların təhlükəsizliyinə cavabdeh deyilik. Daxili yanğın su kranları işlək olmadığını müəyyən olundu. Bu səbəbdən yanğının qısa müddətdə qarşısını almaq mümkün olmayıb".
Tural Süleymanovun sözlərinə görə, yanğının baş vermə səbəbini aydınlaşdırmaq üçün elektirik cihazlarını, küveyzi götürüblər: "Elektrik naqillərinin hamısı yanıb kömürləşmişdi. Götürdüyümüz nümunələri labaratoriya təqdim etmişik. Yanğın çıxan otaqdan götürdüyümüz kömürləşmiş uzadıcıların qonşu otaqlardakı uzadıcılarla eyni olması dəqiqləşdirildi".
Daha sonra şahid qismində ifadə verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Mənsur Atakişiyev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır, hadisəyədək mərkəzdə olmayıb: "Xətai rayonu mənə təhkim edilib. Hadisə baş verən gecə iş yoldaşım mənə zəng edib məlumat verdi. Öz avtomobilimlə ora getdim. Mən gedəndə artıq yanğınsöndürənlər orada idi. Dördüncü mərtəbədə qatı tüstü var idi”.
Şahid deyib ki, 2023-cü ilin noyabr ayında o təyinat alıb, 2024-cü ilin yanvar ayında işə başlayıb. Onun sözlərinə görə, təyinatdan qısa müddət sonra hadisə baş verib. Bunun üçün də mərkəzdə olmayıb, yoxlama və təlim keçirməyib.
Hakim elan edib ki, hazırda dindirilməyən beş şahid, iki hüquqi varis qalıb. Məhkəmə bir şahidin barəsində məcburi gətirilmə qərarı çıxarıb. Digər şahid və hüquqi varislərin məhkəməyə dəvət olunması üçün məktəb göndəriləcəyi açıqlanıb.
Daha sonra Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov bildirib ki, hadisədən sonra uşaqların bəziləri Yeni Klinika və "Semaşko" xəstəxanasına köçürülüb. Perinatal Mərkəzdən 3 nəfər "Semaşko"ya gedən zaman onları buraxmayıblar. Vəkil bu məsələni müəyyən etmək üçün sözügedən şəxslərin dindirilməsini istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Növbəti proses dekabrın 15-də davam edəcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.