AZ

Ölümcül xəstəliklərin sirri həll olundu

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Viskonsin-Madison Universitetinin alimləri “RPA” adlı bir zülalın xromosomları qoruyaraq bəzi ölümcül xəstəliklərin qarşısını ala bildiyini aşkar ediblər. Bu kəşf, uzun müddətdir səbəbi bilinməyən bəzi xərçəng və sümük iliyi xəstəliklərinin yaranma mexanizmini izah edir.

Bizimyol.info xəbər verir ki, araşdırmaya görə, “RPA” zülalı xromosomların uclarında yerləşən telomerləri qoruyur. Telomerlər DNT-nin sonunda yerləşən və genetik materialı zədələnmədən qoruyan “qapaqlar” rolunu oynayır. Yaş artdıqca telomerlər təbii şəkildə qısalır və bu proses hüceyrələrin qocalmasına səbəb olur. Amma “RPA” zülalında yaranan qüsurlar telomerlərin həddindən artıq qısalmasına və aplastik anemiya, mielodisplastik sindrom, kəskin mieloid lösemi kimi ciddi xəstəliklərə yol aça bilər.

Tədqiqatçılar “RPA”nın telomerləri bərpa edən telomeraza adlı fermentin fəaliyyətini dəstəklədiyini müəyyən ediblər. Süni intellektə əsaslanan “AlphaFold” proqramı ilə aparılan modelləşdirmə göstərib ki, “RPA” telomerazanı aktivləşdirir və bununla da DNT-nin sabitliyini təmin edir. Laboratoriya sınaqları da bu nəticələri təsdiqləyib.

Tədqiqatın rəhbəri professor Ci Ci Lim: “İndiyə qədər bəzi xəstələrdə telomerlərin niyə həddindən artıq qısa olduğunu başa düşə bilmirdik. İndi bilirik ki, bu, “RPA”nın telomerazanı lazımi qədər stimullaşdıra bilməməsi ilə bağlıdır”, - deyə qeyd edib.

Kəşfdən sonra dünyanın müxtəlif ölkələrindən həkimlər alimlərlə əlaqə saxlayaraq, xəstələrindəki genetik mutasiyaların “RPA”nın fəaliyyətinə təsir edib-etmədiyini araşdırmağa başlayıblar.

Professor Lim: “Bu kəşf xəstələrin niyə bu xəstəliklərə tutulduğunu anlamaqda böyük irəliləyişdir”, - deyə əlavə edib.

Alimlər hesab edirlər ki, “RPA”nın rolunu daha dərindən öyrənmək gələcəkdə erkən diaqnoz və fərdiləşdirilmiş müalicə üsullarının inkişafına böyük töhfə verəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr