AZ

Trampdan Nigeriyaya: Bir çox planım var

Tramp Rusiya-Ukrayna savaşına da münasibət bildirib: “Bəzən müharibənin öz-özünə bitməsini gözləmək lazımdır”

ABŞ Prezidenti Donald Tramp Nigeriyaya yönəlik sərt bəyanatlarını davam etdirib.
Sherg.az xəbər verir ki,  Florida ştatından Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Tramp, Nigeriyaya hərbi müdaxilə edə biləcəyi barədə açıqlamasına münasibət bildirərək, “qaraya qoşun çıxarmağı, yoxsa hava hücumu keçirməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib:
“Yəni, çox şey ola bilər. Mən bir çox plan qururam.”

Tramp Nigeriyada “rekord sayda xristianın öldürüldüyünü” iddia edərək, bunun davam etməsinə icazə verməyəcəklərini vurğulayıb.
O, oktyabrın 31-də sosial mediada paylaşdığı mesajda, “xristianlara qarşı qətliamlar” səbəbindən Nigeriyanı “xüsusi narahatlıq doğuran ölkə” elan etmiş, ardınca hərbi əməliyyat xəbərdarlığı etmişdi.

Prezident Tramp, Venesuela hökumətinə narkotik kartellərinə qarşı tədbir görməsi üçün müəyyən müddət verib-vermədiyi sualına belə cavab verib:
“Mən işimi görürəm, Venesuela və ya başqa bir məsələ üçün tarix təyin etmirəm.”

Venesuelaya qarşı yaxın gələcəkdə hərbi əməliyyat planı olub-olmadığına dair sualını isə Tramp belə cavablayıb:
“Bu necə sualdır? Bəli, planlarımız var. Çox gizli planlarımız var, amma bunu sizə açıq deyəcək kim ola bilər ki? Görək, Venesuelada nələr baş verəcək.”

Tramp Rusiya-Ukrayna müharibəsinə də münasibət bildirib:
“Bəzən müharibənin öz-özünə bitməsini gözləmək lazımdır.”
O, bu mövzuda “bardağı daşıracaq son damlanın” onun üçün hələ yaranmadığını qeyd edib.

Nüvə silahlarının sınağı ilə bağlı suala cavabında Tramp deyib:
“Rusiya və Çin nüvə silahlarını sınaqdan keçirir, sadəcə bunu açıqlamır.”

ABŞ-ın Ukraynaya uzaqmənzilli Tomahavk raketləri verməyi planlaşdırıb-planlaşdırmadığına dair suala isə o, belə cavab verib:
“Xeyr, elə də deyil. Bəlkə fikrimi dəyişərəm, amma hazırda yox.”

CNN-in məlumatına görə, bu həftə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli Tomahawk raketlərinin verilməsi üçün Ağ Evə “yaşıl işıq” yandırıb, lakin yekun qərarın Prezident Tramp tərəfindən veriləcəyi bildirilir.
Seçilən
28
1
sherg.az

2Mənbələr